
Xəbər verdiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorka səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkevi”də Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edildiyi bildirilib.
Bəs görəsən, bu görüşün hər hansı əhəmiyyəti və siyasi uğurları olacaqmı?
Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, Türkiyə dövlətinin Ermənistanla müzakirə etməli olduğu məsələlərdən biri də Azərbaycan-Ermənistan münasibətləridir.
“Türkiyə Prezidenti və ya digər rəsmi şəxslər qarşı tərəflə görüşlər keçirərkən bu məsələləri həmişə müzakirə ediblər. Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında müzakirə edilən mövzulardan biri də budur. Amma bir məqamı da unutmamalıyıq ki, Türkiyənin özündə Ermənistanla bir sıra problemləri var. Bura Ermənistanın Türkiyə qarşı ərazi iddialarını aid etmək olar. Məlumdur ki, Ermənistanın Türkiyənin şərq rayonlarına, şərq ərazilərinə əsassız iddiaları var və bu əraziləri Qərbi Ermənistan əraziləri olduğunu iddia edirlər. Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında onlar tərəfindən o qondarma “soyqırımı” mövzularının daim gündəmə gətirilməsi problemi də var. Adı üzərində olan bu məsələ Türkiyə ilə Ermənistan arasında münasibətlərin pisləşməsinə gətirib çıxarıb”, – deyə o əlavə edib.
X. Bəşirov qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərinin işğal edilməsi prosesi zamanı sərhədlər bağlanıb və bu günə qədər də açılmayıb: “Zaman-zaman bununla bağlı fikirlər səsləndirilir, amma nəzərə almaq lazımdır ki, Türkiyə tərəfinin həmişə şərti olub. Şərt də bundan ibarətdir ki, əgər Azərbaycan ilə Ermənistan arasında münasibətlər normallaşacaqsa, o halda Türkiyə ilə Ermənistan arasında da münasibətlər normallaşacaq. Yəni bu mövqe ortaya qoyulub ki, Türk-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır. Amma nəzərə almalıyıq ki, Ermənistan Azərbaycan ilə yanaşı, həm də Türkiyəyə düşmənçilik edir, Türkiyə ilə də problemləri var. Qeyd etdiyim kimi, bu problemlərin mənbəyi Ermənistanın ərazi iddiaları, Böyük Ermənistan, qondarma “soyqırımı” və digər Türkiyəfob siyasətidir”.
X.Bəşirov düşünür ki, orada müzakirə edilməli olan əsas mövzular məhz bu istiqamətdə olacaq və hətta Azərbaycan bu gün Ermənistanla münasibətlərini normallaşdırsa belə, Ermənistanla sülh sazişinin imzalanmasına nail olsa da, Ermənistan həm də Türkiyə ilə münasibətlərinin normallaşması üçün bu ölkəyə ərazi iddialarından vaz keçməlidir:“Ermənistan həm də qondarma “soyqırımı” iddialarından əl çəkməlidir. Bu halda, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını gözləmək olar.
Türkiyə ilə Ermənistan arasında münasibətlər təkcə Azərbaycan-Ermənistan münasibətlərindən asılı deyil, həm də qeyd etdiyim kimi, qondarma soyqırım və Türkiyəyə ərazi iddiaları kimi absurd istəklərdən asılıdır ki, bu da təbii ki, müzakirə ediləcək mövzulardan olacaq”.
Politoloq vurğulayıb ki, hər bir halda regionda sülhün əldə edilməsində Türkiyə də maraqlıdır.
“Hazırkı məqamda Ermənistan sürətlə silahlandırılır və bu prosesi təbii ki, Türkiyəni narahat edir. Azərbaycan zaman-zaman çağırış edirdi ki, region ölkələri bu məsələdə mövqe ortaya qoymalıdır. Düşünürəm ki, bu məsələdə orada müzakirə ediləcək mövzulardan olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova
Gununsesi.info