
Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası üçün Nyu Yorka səfər edən prezident Rəcəb Tayyib Ərdoğan Türkevidə Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edildiyi bildirilib.
Bağlı qapılar arxasında keçirilən görüşlə bağlı açıqlama Rabitə İdarəsindən verilib.
Bəyanatda aşağıdakılar qeyd olunub:
“Görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və iki ölkə arasında möhkəm dostluğun qurulmasına tərəfdar olduğunu, bunun üçün səylərin davam etdiyini bildirib.
Prezident Ərdoğan Türkiyə ilə Ermənistan arasında heç bir şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib”.
Bundan əlavə, Paşinyan Telegram hesabında görüşlə bağlı paylaşım edib. Paşinyan postunda hansı məsələlərin müzakirə olunduğu barədə heç bir təfərrüat verməyib.
İclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və xarici işlər nazirinin müavini Vaan Kostanyan da iştirak ediblər.
Bildirilir ki, Ərdoğan görüş zamanı öz imzası olan “Daha ədalətli dünya mümkündür” kitabını Ermənistanın baş naziri Nikol Paşinyana hədiyyə edib.
Şəbnəm
Gununsesi.info