ABŞ-la strateji sabitliyə dair danışıqlara ehtiyac var

Strateji sabitliyə görə məsuliyyət Rusiya və ABŞ-ın üzərinə düşür, ona görə də bütün yeni amilləri nəzərə alaraq bu məsələ ilə bağlı danışıqlara mümkün qədər tez başlamaq lazımdır.

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əlbəttə, strateji sabitlik sahəsində hüquqi baza lazımdır. Və burada bir çox cəhətdən məsuliyyət ölkələrimizin üzərinə düşür. Biz mümkün qədər tez danışıqlara başlamalıyıq”, -deyə Peskov bildirib.

Peskov vurğulayıb ki, indiki şəraitdə bütün amilləri, o cümlədən Avropanın nüvə potensialını nəzərə almadan strateji təhlükəsizlikdən danışmaq mümkün deyil. Onun fikrincə, bu məsələləri “bir yerdə, bir qazanda” müzakirə etmək lazımdır.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya-Amerika Strateji Silahların Azaldılması Müqaviləsi üzrə danışıqları bərpa etməyə hazırdır.

O, vurğulayıb ki, qərar Rusiya prezidenti Vladimir Putinin səlahiyyətindədir, lakin onun fikrincə, Rusiya liderinin bunda maraqlı olduğu “görünmür”.

 

 

Şəbnəm

Gununsesi.info