
Avropa İttifaqının Gürcüstandakı səfiri iyunun 19-da deyib ki, ölkənin İttifaqa qoşulmaq prosesi Tbilisinin bugünlərdə qəbul etdiyi “xarici agent” qanununa görə dayandırılıb.
Gununsesi.info xəbər verir ki, Gürcüstanın Interpress news agentliyinin yazdığına görə Aİ səfiri Pavel Herçinski bildirib ki, sözü gedən qanunun qəbulu “Gürcüstanın bloka qoşulmaq perspektivlərinə mənfi təsir göstərib” və “bu proses hazırda faktiki olaraq dayandırılıb və ya dondurulub”:
“Prinsip etibarilə bu qanunun qəbulu, məncə Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını dondurub”.
Müxalifətin “Rusiya qanunu” adlandığı bu qanun, maliyyələşdirilməsinin 20 faizindən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatlarının “xarici təsir agenti” kimi qeydiyyatdan keçməsini tələb edir.
Gürcüstanın hakim “Gürcü arzusu” partiyası isə israr edir ki, qanun maliyyələşmənin şəffaflığının əmin olunması baxımından zəruridir.
Reuters agentliyi yazır ki, “xarici təsirin şəffaflığı” adlı qanunun qəbulu Gürcüstanda 1991-ci ildə ölkə müstəqil olandan bəri misli görünməmiş miqyasda etiraz aksiyalarına səbəb olub. Etirazlar iki ayadək davam edib.
Buna baxmayaraq hakimiyyət prezident Salome Zurabişvilinin vetosunu da ləğv edib və etirazlara məhəl qoymayıb.
Gununsesi.info