
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa İçərişəhərin Qala divarlarının yenidən bərpa olunmuş formasının tənqidlə qarşılanmasına münasibət bildirib.
Komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, Qala divarlarının restavrasiyası modern üsluba uyğun aparılmalıdır.
“Elə “tarixilik” adı ilə tarixi olduğu kimi divarlara köçürmürlər ki. Xeyli işlər görülüb, düzəlişlər edilib. İçərişəhərin siması tamamilə dəyişib. Tarixiliyi bir az modernliklə uzlaşdırmalıyıq. Hesab edirəm, bu işə mütəxəssislər baxırlar, məsələ ətrafında fikirlərini söyləyirlər. Tənqid etmək olar, amma bütövlükdə real işin görülməsi olduqca çətinliklər yaradır. Bu baxımdan, iş mütəxəssislərin müzakirəsinə verilməlidir. Doğrudan da divarların tam tarixi bərpa olunmasına imkan yoxdursa, ən azı əvvəlkinə bənzər formada düzəldilməsi faydalıdır”, – o deyib.