
Dünən Bakıda Avropa İttifaqının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Avropa Günü -2025 keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, Avropa İttifaqına üzv ölkələrin səfirlərinin, siyasi partiya liderlərinin və media təmsilçilərinin qatıldığı tədbirdə çıxış edən Aİ-nin ölkəmizdəki səfiri Peter Mikalko deyib ki, onlar sülh və firavanlığın yetmiş beş ilini qeyd edir:
“Bu, qurucu xalqların və ölkələrin ümumi iradəsi sayəsində mövcud olan Avropa İttifaqıdır. Lakin Avropanın iddiası daha böyükdür. O bütün dünyada rifah və təhlükəsizliyin etibarlı tərəfdaşıdır.
Bugünkü tədbir Ali Nümayəndəmiz, Vitse-Prezident Kaja Kallasın bir neçə gün əvvəl Bakıya baş tutan çox mühüm səfəri fonunda Avropa İttifaqı və Azərbaycan münasibətlərinə marağın yenidən artdığı bir zamanda keçirilir.
Azərbaycan üçün Avropa İttifaqı hər zaman yaxın tərəfdaş olub və son otuz ildə Azərbaycan güclü və nüfuzlu tərəfdaş kimi inkişaf edib. Siyasi liderlərimizin fikirləri üst-üstə düşür ki, tərəfdaşlığımız ənənəvi enerji və bağlantılar kimi sahələrdən kənara çıxaraq genişləndirilə bilər və onlar gücləndirilməlidir. Bu isə möhkəm təməldir. Ali Nümayəndə və Vitse-Prezident Kallas səfəri zamanı qeyd etdiyi kimi, bu, qarşılıqlı hörmət, o cümlədən Üzv Dövlətlərimizə, fundamental prinsiplərimizə, qanunun aliliyi və insan hüquqlarına hörmət əsasında inkişaf edəcək bir münasibətdir”.
Diplomat deyib ki, bunun üçün bir sıra alətlərimiz var:
”Ticarət və investisiya sahəsində, 450 milyon əhalisi və 27 Üzv Dövləti olan Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşıdır. Daha sabit yeni sazişin imzalanması üçün davam edən danışıqlar, nəqliyyat və enerji sahələri üzrə dialoq, siyasi və təhlükəsizlik istiqamətində dialoq və yeni növ əməkdaşlıq, bütün bunlar ölkənin artan rolunu və bağlantılar sahəsində investisiyanın zəruri olduğunu göstərir. Azərbaycan enerji təchizatında Avropa üçün etibarlı tərəfdaşdır və biz yaşıl enerji sahəsində bu əlaqənin yeni istiqamətini inkişaf etdiririk.
Azərbaycan və Avropa İttifaqı çoxtərəfli münasibətlər prinsipi və qaydalara əsaslanan dünyagörüşü paylaşır. Sürətlə dəyişən və getdikcə daha çox parçalanan bu dünyada beynəlxalq nizamı və beynəlxalq qurumların xaos və ədalətsizliyə qarşı yeganə dayağ rolunu qorumaq və gücləndirmək daha vacib məsələ kimi görünür. Xüsusən də Rusiyanın və tək onun deyil “kobud güc” köhnə məktəb üsuluna əl atmaq cəhdlərinin artdığı zamanda bu, bizim tərəfdaşlığımızın təməl daşı olaraq qalmalıdır.
Avropa İttifaqı ən güclünün qanununu hər zaman qətiyyətlə rədd edib. Təəssüf ki, Rusiyanın genişmiqyaslı qanunsuz təcavüzündən Ukraynanın özünü cəsarətlə müdafiə etməsi ilə Avropa İttifaqının astanasında hələ də qızğın müharibə gedir. Biz Ukraynaya humanitar, hərbi və maliyyə dəstəyimizi davam edəcəyik. Bu baxımdan, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək üçün çox minnətdarıq”.
Pərviz Həşimli
Gununsesi.info