Keçmiş FTB direktoru Kominin yazısı ABŞ-ni həyəcanlandırır: Trampa sui-qəsd çağırışı - FOTO

Keçmiş Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi, Respublikaçıların prezident Donald Trampa sui-qəsdi təşviq etdiyini iddia etdiyi sosial media paylaşımını paylaşdıqdan və sonra sildikdən sonra Məxfi Xidmət tərəfindən istintaq altındadır.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş FTB direktoru sosial media hesabında çimərlikdə qumun üzərində dəniz qabığı ilə yazılmış “86 47” rəqəmlərinin fotosunu “Sahildə gəzinti zamanı rastlaşdığım maraqlı dəniz qabığının düzülüşü ” qeydi ilə paylaşdı.

Paylaşımını qısa müddətdən sonra sosial media hesabından silən Komiyə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemdən reaksiya gəldi. O, Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komini prezident Donald Trampın öldürülməsinə çağırışda ittiham edib.

Komini Trampın öldürülməsinə çağırışda günahlandıran Noem bildirib:

“Milli Təhlükəsizlik Departamenti və Məxfi Xidmət bu təhdidi araşdırır və lazımi cavab verəcək”.

Bildirək ki, hərbi terminologiyada 86 kimisə aradan qaldırmaq və ya nəyisə ləğv etmək deməkdir. 47 rəqəminin isə ABŞ-nin 47-ci prezidenti Trampa işarə olunduğu düşünülür.

 

Günel Həsənova

Gununsesi.info