Ağsu xəstəxanası ilə bağlı sakinlərdən şikayət: “Sabun belə yoxdur”

Ağsu sakinləri Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsindəki vəziyyətdən şikayətçidirlər.

Bu barədə Gununsesi.info-ya müraciətlərində bildiriblər.

Onların iddialarına görə, şöbədə gigiyena qaydalarına əməl olunmur, havalandırma sistaemi ilə bağlı problemlər var və xəstələr üçün lazımi şərait yaradılmayıb:

“Ağsu Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində hökm sürən vəziyyət ciddi narahatlıq doğurur. İnsanların sağlamlığının qorunmalı olduğu tibb müəssisəsində, iddialara görə, ən elementar gigiyena və sanitariya tələblərinə belə əməl olunmur.

Şöbədə əl yumaq üçün sabun belə yoxdur! Bu, sadəcə təsərrüfat çatışmazlığı deyil, həm xəstələrin, həm də tibb işçilərinin sağlamlığı üçün ciddi risk yarada biləcək vəziyyətdir. Yoluxucu xəstəliklərin müalicə olunduğu şöbədə gigiyena vasitələrinin çatışmaması yolverilməzdir.

Bununla da vəziyyət bitmir. Məlumatlara görə, şöbənin havalandırma sisteminin mühərrikləri sıradan çıxıb. Hətta 10 ədəd mühərrikin satıldığı barədə də iddialar səsləndirilir. Bu iddialar doğrudursa, həmin avadanlıqların taleyi, onların kim tərəfindən və hansı əsasla satıldığı mütləq araşdırılmalıdır.

Daha ciddi iddialardan biri isə şöbəyə ayrılan yardımların vəsaitlərinin və ya digər resurslarının bölüşdürülməsi ilə bağlıdır. İnzibati işlər üzrə direktor müavini Vüqar Həmidov və İnsan Resursları şöbəsinin müdiri Şahin Kərimovun bu məsələlərdə adı çəkilir. Lakin bu iddiaların təsdiqlənməsi üçün sənədlər, maliyyə hesabatları və müvafiq yoxlamaların nəticələri açıqlanmalıdır. Aidiyyəti şəxslərin mövqeyi də öyrənilməlidir.

Hazırda xəstəxanada direktorun olmadığı bildirilir. Belə bir şəraitdə müəssisəyə kim rəhbərlik edir, xəstəxananın gündəlik fəaliyyətinə və ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə kim nəzarət edir? Bu suallar cavablandırılmalıdır.

Ən acınacaqlı məqamlardan biri də yağışlı havalarda şöbənin otaqlarında hərəkətin belə çətinləşdiyi barədə məlumatlardır. Vəziyyətin təsvirinə görə, yağış yağan kimi otaqlarda hərəkət etmək üçün, sanki, qayıq lazım olur. Əgər bu məlumatlar təsdiqlənərsə, söhbət təkcə yararsız şəraitdən deyil, həm də xəstələrin təhlükəsizliyinə və tibbi xidmətin keyfiyyətinə təsir edən ciddi problemdən gedir.

Səhiyyə müəssisəsi xəstə üçün şəfa yeri olmalıdır, əlavə təhlükə mənbəyi yox!

Aidiyyəti qurumlardan tələb edirik:

Ağsu Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində təcili yoxlama aparılsın.

Sabun, dezinfeksiya vasitələri və digər zəruri gigiyena ləvazimatlarının təminatı bərpa edilsin.

Havalandırma sisteminin mühərriklərinin vəziyyəti və 10 mühərrikin satılması barədə iddialar araşdırılsın.

Şöbəyə ayrılan yardım və vəsaitlərin təyinatı üzrə istifadə edilib-edilmədiyi yoxlanılsın.

Binanın yağış sularından qorunması, otaqların vəziyyəti və sanitariya şəraiti qiymətləndirilsin.

Yoxlamanın nəticələri və aşkar edilmiş nöqsanlarla bağlı ictimaiyyətə rəsmi məlumat verilsin.

Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti nəzarət qurumları bu məsələyə təcili münasibət bildirməlidirlər.

Sualımız açıqdır: Ağsu Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində baş verənlərə kim cavab verəcək?

Xəstələrin sağlamlığı, tibb işçilərinin təhlükəsizliyi və dövlətə ayrılan resursların taleyi məsul şəxslərin diqqətindən kənarda qala bilməz. Bu iddialar araşdırılmalı, faktlar üzə çıxarılmalı və qanun pozuntuları təsdiqlənərsə, məsul şəxslər barəsində qanuni tədbirlər görülməlidir”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Afət

Gununsesi.info