
Romada havanın temperaturu yüksəldiyi üçün şəhərdə gözlənilməz aktivlik müşahidə olunub. Şəhərin küçələrində və binalarında bu xoşagəlməz hala nəzarət edilmədikcə, problem daha da böyüyə bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, romalı zooloq Andrea Lunerti şəhərdəki zibil problemi və yüksək temperatur səbəbindən siçan, ilan, eşşəkarısı və qağayı kimi heyvanların sayında ciddi artım olduğunu bildirib.
Lunerti Romanın sanki “meşə”yə çevrildiyini və ilanların sayında nəzərəçarpacaq dərəcədə artım olduğunu bildirib. O, ilanların təbii yaşayış yerlərindən şəhərə köç etdiyini və bunun səbəbini şəhərdə çoxlu qida tullantılarının olması ilə izah edib. O əlavə edib ki, bu qida tullantıları ilanların əsas şikarı olan siçanların da sayını artırıb.
Xüsusilə, bağçalarda və məktəb binalarında ilanlara tez-tez rast gəlinməyə başladığını bildirən Lunerti, “İlanlar binalarda gizlənmək üçün uyğun yerlər tapıb ovlarını tutmaq üçün uyğun anı gözləməkdə ustadırlar” – deyib. Lunerti, həmçinin Romanın tullantıların idarə edilməsində ciddi nəzarətə ehtiyacı olduğunu vurğulayaraq, “Bu problem nəzarət altına alınmasa, daha çox ilan və eşşəkarısı ilə qarşılaşacağıq”, – deyə xəbərdarlıq edib.
Gununsesi.info