İngiltərə və Hindistan nə barədə razılığa gəldilər?

Britaniya və Hindistan çoxdan gözlənilən azad ticarət sazişi haqqında razılığa gəliblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Britaniya və Hindistan arasında üç il əvvəl başlayan, lakin Britaniyada hökumət dəyişikliyi səbəbindən arabir kəsilən danışıqlar nəhayət ki, yekunlaşıb.

Müqavilə ilə Hindistanın bəzi Britaniya məhsullarına, xüsusilə şotland viskisinə tətbiq etdiyi yüksək idxal rüsumları mərhələli şəkildə azaldılacaq. Viskiyə tətbiq edilən 150 faizlik vergi birinci mərhələdə 75 faizə, daha sonra on il ərzində 40 faizə endiriləcək. Avtomobil məhsullarına 100 faizi keçən vergilər müəyyən edilmiş kvotalar çərçivəsində 10 faizə endiriləcək.

Böyük Britaniyanın Baş naziri Keir Starmer müqaviləni “Britaniya müəssisələri, işçiləri və istehlakçıları üçün böyük qələbə”, Hindistanın baş naziri Narendra Modi isə bu addımı “iddialı və qarşılıqlı faydalı” inkişaf kimi qiymətləndirdi.

Sövdələşmə viski ilə yanaşı, kosmetika, tibbi məhsullar, avtomobil və təyyarə hissələrini də əhatə edir. Digər tərəfdən Hindistan Ticarət Nazirliyi bu tənzimləmə ilə Hindistandan İngiltərəyə ixracın yüzdə 99-unun gömrük vergisindən azad ediləcəyini açıqlayıb.

Böyük Britaniya bu razılaşma nəticəsində illik ikitərəfli ticarət həcminin 25,5 milyard funt sterlinq artacağını gözləyir.

Danışıqlar 2022-ci ildə Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasından sonra başladı. Lakin 2024-cü ildə keçiriləcək ümumi seçkilər səbəbindən müvəqqəti olaraq dayandırıldı. Seçkilərdən sonra Hindistanda Narendra Modi yenidən baş nazir oldu, Böyük Britaniyada isə İşçi Partiyası hakimiyyətə gəldi.

Gununsesi.info