
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qərarına əsasən, 2025-ci ilin fevral ayından etibarən müəllimlərin sertifikasiya imtahanı keçirilib.
Bakı və Abşeron-Xızı regionları üzrə Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyada ümumilikdə 1686 müəllim iştirak edib. Attestasiya komissiyasının qərarına əsasən, 1686 müəllimdən 492 nəfər tutduğu vəzifəyə uyğun hesab edilməyib.
Bildiririk ki, bir çox müəllimlər attestasiyanın qərarından narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin nəzəriyyə müəllimi Məlahət Həsənova şikayətində bildirib ki, o, haqsız yerə imtahandan kəsilib:
“Mən sözlərimi ulu öndərin sözü ilə başlamaq istəyirəm. “Müəllimlik sənətindən uca ad tanımıram”. O, müəllimlik sənətinə həmişə böyük qiymət vermişdi. Ancaq bu gün mən bunu görmürəm. Bu imtahandan sonra Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında böyük bir fərq gördüm. Təhsil Nazirliyindən müəllimlərə 1 il əvvəldən vaxt verilir, kurslara göndərilir, imtahandan kəsiləndə isə onlara şans verilir”.
Məlahət müəllim bildirib ki, Cəsarət Valehov onları dekabrın 4 -ü Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət Sarayına yığıb və deyib ki, attestasiyadır:
“Bizə bildirildi ki, proqramlar Mədəniyyət Nazirliyi səhifəsinə atılıb. Biz ordan götürdük. Dedilər ki, fevral ayının 4-ü imtahan olacaq, ancaq fevralın 27-si oldu. Hesablayanda hazırlaşmaq üçün 2 ay vaxt verildi. Niyə bizə təhsil şöbəsindəki kimi hazırlaşmaq üçün vaxt verilməyib? Bizi təkmilləşdirmə kurslarına göndərmirlər. Birbaşa deyirlər ki, kəsilmisən. Suallar da öz ixtisasımızdan düşməmişdi. Biz məktəbdə uşaqlara nə keçiriksə, onun əsasında suallar düşməlidir. Mən çox xahiş edirəm prezidentimdən, Mehriban xanıımdan- bizim səsimiziə səs versinlər,imtahanı dayandırsınlar”.
Məlahət müəllim həyatının 33 ilini musiqi məktəbinə həsr etdiyini bildirib:
“Mən bu musiqi məktəbinə 7 yaşımdan gəlmişəm. Həyatımı bu məktəbə həsr etmişəm, 33 il iş stajım var. İndi mənə deyirlər ki, işinə xitam verilir. Pensiyaya da çıxartmırlar ki, cavansan. Bəs mən necə dolanım? Harda işləyim? Sumqayıt balaca bir şəhərdir. Burada böyük bir müəssisə də yoxdur ki, gedib orda işləyim”.
O cümlədən Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin 36 il iş stajı olan fortepiano müəllimi, İlhamə Şirinova da attestasiyanın qərarından şikayətçidir:
“Bizə deyildi ki, not tanımayan müəllimlər axtarılır. Mən Bethovenin əsərini çalıramsa, o əsəri təhlil edirəmsə, necə not tanımıram? Mənim bu sualıma cavab versinlər”.
Günel Həsənova