Həbsdə olan azərbaycanlı Nobel mükafatçısı xəstəxanaya yerləşdirilib

Həbsxanada olan İran azərbaycanlısı, Nobel Mükafatı laureatı və insan haqları qoruyucusu Nərgiz Mohəmmədi Tehran xəstəxanalarından birinə yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı AzadlıqRadiosuna bildirib və xanımının sağlığı ilə bağlı iki aydan çox problem yaşayandan sonra müalicəsinə başlandığını bildirib.

Bildirilir ki, N.Mohəmmədiyə doqquz həftəyə yaxın tibbi yardım göstərilməsinə icazə verilməyib.

“Nərgiz Mohəmmədinin, axır ki, xəstəxanaya yerləşdirilməsi vətəndaş cəmiyyəti və insan haqları müdafiəçiləri ilə “Nərgizə Azadlıq Koalisiyası”nın dəstəyinin, beynəlxalq ictimaiyyət və medianın basqısının sonucudur”, – deyə Nobel mükafatçısının həyat yoldaşı Tağı Rəhmani “X” sosial şəbəkəsində yazıb.

Parisdə yaşayan Rəhmani onu da deyib ki, tibbi yardımın gecikdirilməsi, xanımının həbsxanada keçirdiyi illər və tək saxlanılma ortamı səhhətində ciddi problemlər yaradıb.
52 yaşlı N.Mohəmmədi son 20 ildə dəfələrlə həbs edilib.
Qeyd edək ki, hazırda o, “İran əleyhinə təbliğat” yaymaqda günahlandırılaraq bir illik həbs cəzasına məhkum edilib.