Tovuzda müəllimin valideynlərdən zinət əşyası tələb etməsi xəbərinə aydınlıq gətirilib.
Gununsesi.info xəbər verir ki, övladları Tovuzun Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan valideynlər həmin məktəbin müəllimi Günel Məmmədovanın müdafiəsinə qalxıblar.
Müəllimin barmağına üzük taxan valideynlər bildiriblər ki, sözügedən addımı onlar öz təşəbbüsləri ilə atıblar. Restoranlardan birində baş tutan vida mərasimində onlar G.Məmmədovaya üzük hədiyyə ediblər.
“Biz öz təşəbbüsümüzlə tədbir keçirmişik. Tədbirə müəllimi qonaq çağırmışıq. Ona çox da bahalı olmayan zinət əşyası almışıq. Müəllimin bundan xəbəri olmayıb”, – deyə Elgün İbadova adlı valideyn bildirib.
Digər valideyn Ayşə Kərimova deyib ki, hədiyyəni valideynlər özləri birlikdə alıb.
Adıçəkilən müəllim də iddalara cavab verib. O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valideynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib.
“Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim” , – deyə görüntüsü yayılan Günel Məmmədova bildirib.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinin mətbuat xidmətindən Teleqraf-ın yerli bürosuna bildirilib ki, sözügedən video 24 may tarixində qeyri-iş günü, məktəbdən kənar ərazidə çəkilib.
“Valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib. Bununla yanaşı, bildiririk ki, təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur. Bu baxımdan, valideynlərə bir daha müraciət edərək xatırladırıq ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır. Qeyd edirik ki, etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib”, – deyə məlumatda qeyd olunur. (Teleqraf)
***
Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etdiyi söylənilir.
Gununsesi.info xəbər verir ki, sosial şəbəkədə edilən paylaşımda Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəlliməsinin özünə təmtəraqlı tədbir təşkil etdiyi bildirilir.
Görüntülərdə bir neçə qadının sıraya düzüldüyü, onlardan birinin müəllimənin barmağına qızıl üzük taxdığı əks olunub.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.