
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sensasion açıqlama verib.
R.T Ərdoğan İsrailin ünvanına “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” deyib.
Türkiyə lideri necə bir müdaxiləni nəzərdə tutduğunu detallı açıqlamayıb.
Bəs görəsən Türkiyənin İsrailə girməsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir: “Qəzza ətrafında baş verənlər, eyni zamanda İsrail – Livan müharibəsi ehtimalı da artır. İsraildəki “Hizbullah” təşkilatının İsrail vətəndaşlarını öldürməsi və İsrailin də qarşılığında hərbi təyyarələr ilə Livanı bombalaması, İsrail-Livan müharibəsi ehtimalını da artırır. Keçmişdə də belə müharibələr olub, hətta İsrail ordusu Livanın cənubuna daxil olub. İndi də vəziyyət getdikcə gərginləşir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı mövqeyini ortaya qoyur”.
Ekspert deyir ki, Ərdoğan onsuz da Qəzza məsələsinə görə də İsraili sərt tənqid edib: “İndi də Livanla müharibə başlasa, Türkiyə-İsrail münasibətləri daha da gərginləşəcək. Ərdoğan son açıqlamasında da bildirib ki, Türkiyə Azərbaycana, Liviyaya dəstək verdiyi kimi Livana, yaxud fələstinlilərə də dəstək verər. Bu vəziyyət gərginləşdikcə müharibəyə qoşula biləcək dövlətlərin sayı da arta bilər. Bu da bölgəni daha böyük partlayışa gətirib çıxara bilər”.
Günel
Gununsesi.info