Çili hələlik Venesueladakı seçkilərin nəticələrini tanımır

“Çili beynəlxalq müşahidəçilərin rəyini gözləyəcək və hələlik Venesueladakı seçkilərin nəticələrini tanımaqdan çəkinəcək”.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Alberto van Klaveren X sosial şəbəkəsində bildirib.

“Venesueladakı vəziyyətlə əlaqədar biz hesab edirik ki, beynəlxalq müşahidəçilərin rəyini, eləcə də müxalifət tərəfindən təhlil edilməli olan bütün aktların yoxlanılmasını gözləmək vacibdir. Biz yoxlanılmamış nəticələri qəbul etməkdən çəkinəcəyik”.

Bildirilir ki, öz növbəsində Çili prezidenti Qabriel Boriç qeyd edib ki, “Nicolas Maduro rejimi” tərəfindən dərc edilən nəticələrə “inanmaq çətindir”.  O, protokolların yoxlanılmasında tam şəffaflığa çağırıb.

Qeyd edək ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Həm hazırkı prezident Nikolas Maduro, həm də müxalifətin namizədi Edmundo Qonzales Urrutia iştirak ediblər. Venesuela Milli Seçki Şurasının sədri Elvis Amoroso bildirib ki, protokolların 80%-nin işlənməsinin nəticələrinə əsasən, Nikolas Maduro 51,2% səslə seçkidə qalib gəlir.

 

 

 

İlhamə

Gununsesi.info