
Yaponiya Kənd Təsərrüfatı Naziri Eto Taku bildirib ki, o, qiymətlər artarkən “çoxlu düyü” olduğuna dair bəyanatından təəssüflənir.
Gununsesi.info-nun rəsmi Kyodo xəbər agentliyinə istinadən məlumatına görə, nazir Eto ötən gün verdiyi açıqlamalara görə tənqid edilib.
Etonun “Mən düyü almıram. Tərəfdarlarım mənə bol miqdarda verdikləri üçün evimdə sata biləcəyim qədər kifayət qədər düyüm var”, deməsi vətəndaşların reaksiyasına səbəb olub.
Mediaya açıqlama verən nazir Eto sözləri problemlər yaratdığı üçün peşman olduğunu bildirib:
“Çoxlu düyüm olduğunu və onu sata biləcəyimi deyəndə çox irəli getdim”.
Eto istefa verməyəcəyini və Kənd Təsərrüfatı Naziri olaraq nəticə çıxarmağa çalışacağını bəyan edib.
Yaponiyada artan düyü qiymətləri
Yaponiyanın ənənəvi mətbəxində mühüm yer tutan düyü istehsalı, son iqlim hadisələri və təbii fəlakətlərdən mənfi təsirlənmişdir. Tokio hökuməti qiymət artımını ört-basdır etmək üçün bu ilin fevral ayında ilk dəfə olaraq bazara təxminən 210 min tonluq təcili düyü ehtiyatını bazara çıxarmışdı. Hökumətin bu addımına baxmayaraq, ölkədə düyü qiymətləri artmaqda davam edir.
Bildirək ki, martın son həftəsindən 5 kiloqram düyünün orta qiyməti keçən illə müqayisədə iki dəfə artaraq 29 dollara çatıb.
Günel Həsənova