
2023-cü ildə Rusiyada ən böyük xarici şirkət Çin avtomobil istehsalçısı Chery olub.
Gununsesi.info Forbes jurnalının sentyabrın 3-də dərc etdiyi reytinqə əsasən məlumat verir.
Reytinq tərtibçiləri qeyd edirlər ki, il ərzində Chery-nin gəliri 4 dəfə artaraq 2023-cü ilin sonuna qədər 590 milyard rublu ötüb.
Çin avtomobil istehsalçısı Rusiya bazarında Chery, Exeed, Omoda, Jaecoo və Jetour brendləri altında 220 mindən çox avtomobil satıb.
Keçən ilki reytinqin lideri Leroy Merlin məişət malları və təmir mağazalar şəbəkəsi olub, çünki şirkətə nəzarət Rusiya rəhbərliyinə keçib.
2023-cü ildə Forbes reytinqində iştirakçıların ümumi gəliri 31% artaraq 6,7 trilyon rublu ötüb.
Nəşr qeyd edir ki, bu artım ilk növbədə Çin avtomobil istehsalçılarının Rusiya bazarında satışı ilə bağlıdır.
İlk 10-luğa Chery-dən başqa minik avtomobilləri istehsal edən daha iki Çin şirkəti – Great Wall Motor (5-ci yer) və Geely Automobile (10-cu yer) daxildir.
Ümumilikdə, mərkəzi ofisi Çində olan 11 müəssisə 50 ən böyük xarici şirkət sırasına daxil edilib, iştirakçı şirkətlərin sayına görə əvvəlki lideri – ABŞ-ı ötüb (hazırda reytinqdə yeddi Amerika firması təmsil olunur).
Əvvəllər Forbes Rusiyanın ən böyük xarici şirkətlərinin adını çəkmişdi: Auchan pərakəndə satış şəbəkəsi (2015-2019), Renault avtomobil konserni (2020), tütün şirkəti Philip Morris International (2021) və Alman avtomobil istehsalçısı Volkswagen Group (2022).
Auchan istisna olmaqla, bütün bu şirkətlər, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya bazarında əməliyyatları məhdudlaşdırmaq və ya biznes üzərində nəzarəti yerli idarəetməyə vermək qərarına gəliblər.
Afət
Gununsesi.info