Alimlər belə izah ediblər: Gənclərdə risk 7 dəfə artıb

  • By Günel
  • 20 Fevral 2025 23:54

Elm adamları siqaretin gənc və sağlam kişilərdə insult riskinin artmasında böyük rol oynaya biləcəyini aşkar ediblər. Son illərdə yaşı 50-dən aşağı olan şəxslərdə insult hallarının müəmmalı artımı müşahidə olunur və bu, mütəxəssisləri təəccübləndirib. İndi İngilis tədqiqatçıları siqaretin bu artımın əsas səbəbi ola biləcəyini göstərən nəzərəçarpacaq nəticələr əldə ediblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 18-49 yaş arası 500-dən çox insult xəstəsini tədqiq edən elm adamları siqaret çəkən kişilərin insult keçirmə ehtimalının yeddi dəfə çox olduğunu müəyyən ediblər.

Rəsmi rəqəmlərə görə, İngiltərədə ən çox siqaret çəkən yaş qrupu 25-34 yaş arasıdır. Bu yaş qrupundakı hər altı nəfərdən biri siqaret çəkir. Bundan əlavə, İngiltərənin bəzi bölgələrində oğlanlar arasında siqaret çəkmənin də artdığı da müşahidə edilmişdir.

Keele Universitetinin tədqiqatçıları vurğuladılar ki, bu məlumatlar siqareti dayandırmaq üçün səylərin nə qədər vacib olduğunu bir daha sübut edir. Son tədqiqatlar göstərir ki, daha gənc yaşda insult keçirən şəxslərin sayı artmaqdadır.

DailyMail-də yer alan xəbərə görə 39 yaşdan aşağı kişilərdə insult nisbəti son iyirmi ildə 4/1 dəfə artıb. Müqayisə üçün eyni yaş qrupunda olan qadınlarda insult nisbəti cəmi 1 faiz artıb. Neurology jurnalında dərc edilən araşdırmada mütəxəssislər heç bir səbəb olmadan insult keçirmiş 546 insanı insult keçirməyən oxşar yaş və cinsdən olan şəxslərlə müqayisə ediblər. Tədqiqat, insult riskinin siqaret çəkən fərdlərdə iki dəfə artdığını, lakin ağır siqaret çəkənlərdə bu nisbətin dörd dəfəyə qədər olduğunu müəyyən edib.

Mütəxəssislərin fikrincə, siqaret damarları daraldır, beyinə qan axını məhdudlaşdırır. Bu, qan laxtalarının əmələ gəlməsini asanlaşdırır, insult riskini artırır. Siqareti tərgitmək zamanla bu riski azalda bilər, lakin araşdırmalar göstərir ki, siqareti buraxan fərdlərin çəkməyənlərlə müqayisədə beş il ərzində insult riski daha yüksəkdir.

2004-2005-ci illərdə 39 yaşa qədər insult hallarının 52,8 faizi kişilər olduğu halda, 2023-2024-cü illərdə bu nisbət təxminən üçdə ikiyə yüksəlib. Qadınlarda bu göstərici 42,3 faizə düşüb.

İnsult bütün dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri olaraq qalır. Böyük Britaniyada hər il 100.000-dən çox insult hadisəsi baş verir və hər beş dəqiqədən bir yeni insult baş verir. Hər il 38 min insan insultdan ölür.

Ekspertlər vurğulayırlar ki, siqareti tərgitməyə təşviq edən ictimai səhiyyə siyasəti gücləndirilməlidir. Xüsusilə gənclər arasında siqaretin qarşısının alınması üçün səylərin artırılması insult hallarının azaldılmasında mühüm rol oynaya bilər. Siqaretin insult üzərində təsirlərini nəzərə alsaq, sağlam gələcək üçün siqaretlə mübarizə hər zamankındən daha vacibdir.

Günel Həsənova

Gununsesi.info