Yüksəkvəzifəli respublikaçılar Trampın Zelenskini tənqid etməsinə qarşıdırlar

  • By Günel
  • 20 Fevral 2025 21:31

ABŞ Respublikaçılar Partiyasının aparıcı nümayəndələri prezident Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə qarşı səsləndirdiyi son açıqlamalarına etiraz edirlər.

Gununsesi.info xəbər verir ki, sərt xətt tutan mühafizəkar respublikaçı senatorlar prezidentin bu açıqlamalarının, Kiyevə dəstəyi dayandırmaq siqnalının Rusiya prezidenti Vladimir Putini cəsarətləndirəcəyindən narahatlıq ifadə ediblər.

Trampın Zelenskiyə qarşı mənfi fikirləri Ukraynanı Rusiya təcavüzünün qurbanı kimi görən Senatdakı bir çox respublikaçıların mövqeyi ilə açıq ziddiyyət təşkil edir.

Senator Con Kennedi Putinin yaratdığı təhlükə barədə danışarkən sözlərini əsirgəməyib və onu “qara qəlbli qanqster” adlandırıb. Onun fikrincə, “Putin ilə müqayisədə (məşhur qatil) Ceffri Damer Tereza Anadır”.

“Müharibəyə başlayan Vladimir Putindir. Acı təcrübələrdən bilirəm ki, Vladimir Putin əsl qanqsterdir… O, Stalin kimi, qana susayıb”, – Kennedi vurğulayıb.

Senator Rocer Uiker deyib ki, Putin hərbi cinayətkarıdır və edam edilməzsə, ömrünün qalan hissəsini həbsxanada keçirməlidir.

Senator Tom Tillis Trampın Zelenskini “diktator” olaraq xarakterizə etməsi ilə razılaşmayıb, lakin senator prezident Trampı birbaşa tənqid etməkdən yayınıb.

“Mən bu sözü işlətməzdim. Vladimir Putinlə prezident Zelenski arasında heç bir mənəvi bərabərlik yoxdur”.

Gununsesi.info