ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmaq istəyir - Reuters

ABŞ Rusiyaya qarşı sanksiyaların yüngülləşdirilməsi ilə bağlı potensial bir plan hazırlayır.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Ağ Ev Dövlət Departamenti və Maliyyə Nazirliyindən Rusiyaya qarşı mövcud sanksiyaların yüngülləşdirilə biləcək siyahısını hazırlamağı istəyib. Bu siyahı amerikalı rəsmilərə, Rusiya ilə diplomatik və iqtisadi əlaqələri yaxşılaşdırmaq məqsədilə danışıqlar aparmaq üçün lazım olacaq. Məlumata görə, sanksiya tədbirləri ilə bağlı təkliflərdə bəzi təşkilatlar və fərdlər, o cümlədən bəzi rus iş adamlarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur. Konkret adlar isə açıqlanmır.

Nəşr həmçinin qeyd edir ki, Ağ Ev sanksiyaların yüngülləşdirilməsi planının hazırlanmasını hələ də Krımın ilhaqından sonra tətbiq edilən məhdudiyyətləri bir il müddətinə uzadan ABŞ Prezidenti Donald Trampın qərarından əvvəl tapşırıb. Bəzi sanksiyaların götürülməsi üçün isə ABŞ Prezidentinin Konqresin təsdiqini alması vacibdir.

Qeyd edək ki, Rusiya və ABŞ nümayəndələri artıq iki dəfə danışıqlar keçiriblər: ilk görüş 18 fevralda Ər-Riyad şəhərində, ikinci görüş isə 27 fevralda İstanbulda baş tutub. Sonuncu görüşdə tərəflər Moskva və Vaşinqtondakı səfirliklərin fəaliyyətini müzakirə ediblər.

Günay

Gununsesi.info