ABŞ-dən Ukraynadakı müharibənin gedişatını dəyişmək qərarı: Hərbi yardım dayandırıldı - FOTO

  • By Günel
  • 04 Mart 2025 09:16

ABŞ prezidenti Donald Trampın cümə günü prezident Volodimir Zelenski ilə Oval kabinetdə mübahisəsindən sonra ABŞnin Ukraynaya hərbi yardımını müvəqqəti olaraq dayandırdığı bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ mətbuatına açıqlama verən və adları açıqlanmayan Ağ Ev rəsmiləri Trampın Ukraynaya hərbi yardımı dayandıracağı ilə bağlı daha əvvəl yayılan xəbərləri təsdiqləyiblər.

Sözügedən rəsmilər Trampın Zelenski ilə mübahisəsinin Ağ Evdə yaratdığı ab-havadan sonra bu ölkəyə bütün hərbi yardımların bir müddətlik dayandırılmasına qərar verildiyini vurğulayıblar.

CNN-ə açıqlama verən Ağ Ev rəsmisi deyib:

“Prezident diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qaldığını görmək istəyirik. Biz yardımımızı onun həllə töhfə verəcəyinə əmin olmaq üçün dayandırırıq”.

Bəzi rəsmilər həmçinin bildiriblər ki, Tramp cümə günü mübahisədən sonra Zelenskidən ictimaiyyət önündə üzr istəyəcəyini gözlədiyini, ancaq Ukrayna prezidentindən belə bir addım atmaması da qərarda rol oynayıb.

ABŞ dövlət katibi Marko Rubio CNN-ə müsahibəsində Zelenskinin baş verən mübahisəyə görə üzr istəməli olduğunu açıq şəkildə söyləyənlərdən biri olub.

ABŞ prezidenti Tramp və Ukrayna prezidenti Zelenski ötən cümə günü Oval kabinetdə görüş zamanı kameralar qarşısında mübahisə edib və sonradan keçiriləcəyi açıqlanan birgə mətbuat konfransı ləğv edilib. Zelenski daha sonra Ağ Evi tək tərk edib və nadir torpaq sazişi imzalanmayıb.

Tramp Zelenskinin “Amerika xalqına hörmətsizlik etdiyini”, Zelenski isə üzr istəmək üçün heç bir səhv etmədiyini bildirib.

Günel Həsənova

Gununsesi.info