“Çörəkdən imtina edə bilməyən xalq” -Orxan Saffari yazır

Dietoloqların arıqlamaq üçün gombul (Etika naminə artıq çəkidən əziyyət çəkən) adamlara məsləhət gördüyün ilk şey çörəkdən imtina etməsidir.

Bəli, azərbaycanlıların sağlamlığını da, evini də çörək yıxır. Görünür, bundan imtina etmək hələm-hələm iş deyil.

Özü də, Azərbaycan xalqının çörək sevdasının əsrlərə dayanan kökü var. Çörək bizdə kasıblığın simvoludur.

Heç nə yox, çörəyi çox yeyən adamlara baxın: – Onların əksəriyyəti kasıblıqla böyümüş adamlar, uşağı yedizdirəndə yavanlıq etdirənlərdir.

Amma məsələ heç də bu deyil. Olur, bir də görürsən, Mustafanı deməkdən ötrü “mus-mus” etmək lazım gəlir.

Məsələ isə budur:

“Bir tikə çörək”, “Balama çörək qazanıram” psixozu.

Azərbaycanda elə bir əclaflıq, nadanlıq, iyrənc əməl yoxdur, adamlar onu eləsin və buna “çörək qazanıram” adı qoymasın. Faciə isə artıq bunun belə olması yox, normal qarşılanmasıdır, hamının hamını başa düşməyidir. Bu gün bir insanın başqa bir insanın talehini qaraltdıqdan sonra arxasınca gələn ilk söz bu olur:
“Neyləsin, işini görür, balasına çörək qazanır”

Elə bil, başqası toyuq-cücə saxlayır.

Azərbaycanda belədir:

Məmur rüşvət alır, adı olur çörək qazanmaq. Həkim rüşvət alır, adı olur çörək qazanmaq. Müəllim rüşvət alır, yenə də adı çörək qazanmaq.

Siyahını uzatmaq, hər yerə və hamıya aid etmək olar. Amma niyə belə oldu adamlar? Kapitalizmmi bu yerə gətirdi, ya elə xislət bu idi, münbit şərait lazım imiş?

Başqalarının balasını çörəksiz qoyub, etdikləri əclaflıqlara “Neyləyim, balama çörək qazanıram” adını qoydular bu ölkədə. Hər şeyə və hamıya çörək kimi baxdılar. Azadlıq, söz haqqlarını çörəyə dəyişdilər. İş yerlərindəki əzazil müdirlərinə çörək qazanırlar deyə, söz də deyə bilmədilər.

Əzildilər, təhqir olundular, amma dinmədilər.

Çörəklərindən olarlar deyə, siyasətə də qoşulmadılar. Nəticədə də vəziyyət göz önündə.
Əslində, 90-cı illərdə olan çörək növbəsi yığışılmayıb, sadəcə, başqa formaya keçid edib. İndiki hal-qəziyyə müasir dövrün çörək növbəsidir.

Yaşadığımız evlərin ən kədərli yeri bilirsinizmi haradır? O, nə yataq otağıdır, nə də qonaq. Evin ən kədərli yeri mətbəxtdir. Sabahların çörək pulusu gecələr o mətbəxtdə kədərli halda düşünülüb. Bir kişi təsəvvür edin. Gecənin bir yarısı, alt paltarında qəfədanı qızmağa qoyub. Qaranlıqda siqaretdən bir tüstü çəkib, eyvandan gecənin səssizliyinə baxıb düşünür:

“Necə çörək qazanım?!”

Bu cümlə, bu düşüncə, bu çıxılmazlıq adama nələr etdirməz?!

Başqa bir mənzərə:

Yalnız Azərbaycanda adamlar işdə oturub necə pul qazanacaqlarını düşünürlər.

Əlbəttə, hər şey hamıya aydındır, çətindir, əziyyətlədir. Fəqət bəşəri məsələlərə nail olmaq istəyən adamlar, gərək, birinci çörəkdən imtina etməyi bacarsınlar. İndi o hansı çörəkdir, onu da gərək insan özü müəyyən etsin.

Hazırda Bakı küçələri belədir:

Əldə zavod çörəyi, üzdə mərdiməzarlıq, göz ac, qarın tox.
Bəlkə, çörəkdən imtina edəsiniz, ey mənəvi gombullar?!

 

 

 

Orxan Saffari

Gununsesi.info