
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanla müharibənin növbəti 4 gün ərzində başlaya biləcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə “Samaa TV” telekanalının efirində çıxışı zamanı danışıb:
“Region üzərində müharibə buludları toplanır. Pakistanla Hindistan arasındakı gərginlik təhlükəli həddə çatıb. İki ölkə arasında müharibə növbəti 2-4 gün ərzində baş verə bilər”, – deyə o bildirib.
Nazir həmçinin Kəşmirdə turistlərə qarşı baş vermiş hücumun Hindistan tərəfindən təşkil olunduğunu iddia edib. Onun sözlərinə görə, bu hadisənin obyektiv araşdırılması üçün BMT-nin və ya regional güclərin iştirakı ilə beynəlxalq komissiya yaradılmalıdır.
Nazirin sözlərinə görə, hazırda Çin və Səudiyyə Ərəbistanı iki ölkə arasında müharibənin qarşısını almaq üçün fəal vasitəçilik səyləri göstərirlər.
“Hindistanın Pakistana hərbi müdaxiləsi qaçılmazdır”.
Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla Pakistanın müdafiə naziri Xavaca Asif çıxış edib.
O, “Reuters” agentliyinə müsahibəsində deyib ki, silahlı münaqişə zamanı hər iki ölkə nüvə silahından istifadə etməkdən çəkinməlidir.
“Biz qüvvələrimizi gücləndirmişik, çünki Hindistanın hərbi müdaxiləsi hazırda qaçılmazdır. Belə bir vəziyyətdə strateji qərarlar qəbul etmək lazımdır və onlar qəbul edilib”, – nazir qeyd edib.