Zelenskinin sirli “qələbə planı” liderlərə təqdim edilib

Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Vaşinqtonda ABŞ prezidenti Co Bayden və prezidentliyə namizəd Kamala Harrislə görüşüb. Zelenski bu görüşdə uzun müddətdir müzakirə edilən qələbə planını hər iki liderə təqdim edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Rəyasət Heyətinin Mətbuat Xidmətindən verilən açıqlamada “Ukrayna prezidenti Vladimir Zelenski Harrislə görüşüb və ona qələbə planını təqdim edib” deyilib.

Bildirilib ki, Zelenski Kamala Harrisə birinci Sülh Sammitində iştirakına və ABŞ-ın əvvəldən Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib. Görüş zamanı Zelenski qələbə planının təfərrüatlarını bölüşüb.

Qeyd edək ki, liderlər planın diplomatik, iqtisadi və hərbi aspektlərini müzakirə edib və öz komandalarına növbəti addımlar üzrə məsləhətləşmələr aparmağı tapşırıblar. Ukraynadan verilən digər bir açıqlamada Baydenin oktyabrın 12-də Almaniyada liderlər səviyyəsində Ukrayna Müdafiə Təmas Qrupu toplantısı keçirəcəyi bildirilib. Liderlər Ukraynaya əlavə dəstəyi koordinasiya etmək üçün beynəlxalq tərəfdaşlarla da görüşəcəklər.

Orxan Saffari

Gununsesi.info