
Rəsmi Bakı Fransa prezidenti Emmanuel Makronun sentyabrın 25-də BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə etiraz edib.
Gununsesi.info xəbər verir ki, Emmanuel Makron çıxışı zamanı Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığını vurğulayıb.
“Sülh danışıqlarının uğur qazanması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunması üçün beynəlxalq ictimaiyyət orada olmalıdır”, Fransa prezidenti əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Emmanuel Makronun səsləndirdiyi fikirlərin Fransanın Azərbaycana və regionda sülh prosesinə göstərdiyi “qərəzli ermənipərəst yanaşmanın növbəti nümunəsi” olduğunu deyib.
“Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir. Dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoymasını tələb edirik”, Ayxan Hacızadə deyib.
Gununsesi.info