
16 yaşında Vladislav Rudenko Rusiya qüvvələri tərəfindən əsir alınıb və doqquz ay Rusiya işğalı altında olan Krım və Xersonda yerləşən uşaq düşərgələrində saxlanılıb.
Təxminən digər 20 min ukraynalı gəncdən fərqli olaraq, Rudenko “Ukraynanı xilas et” QHT-si tərəfindən xilas edilib və doqquz ay əsirlikdə qaldıqdan sonra Ukraynanın nəzarətində olan əraziyə qaytarılıb.
Prezident Volodimir Zelenski və digər ukraynalı rəsmilər bildirir ki, hazırda minlərlə belə uşağın taleyi əsas diqqət mərkəzindədir. Bu uşaqların çoxu hələ də Rusiyanın işğalı altındakı ərazilərdə, Moskvanın “reabilitasiya mərkəzləri” adlandırdığı yerlərdə saxlanılır.
“Bu cinayət hərtərəfli araşdırılmalı və məsuliyyət daşıyanlar cavab verməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa həftəsonu “Uşaqlar danışıqlar predmeti deyil” (Children Are Non Negotiable) kampaniyasının başlanması çərçivəsində deyib.
“Ədalətli və davamlı sülh bütün bu ukraynalı uşaqların evlərinə qayıtmasını tələb edir”, – nazir bildirib.
ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra Ukrayna və Rusiya arasında gedən müharibəni sonlandırmağı xarici siyasətinin əsas prioriteti adlandırıb. Danışıqlar bir neçə mübahisəli mövzu üzərində davam etsə də, ukraynalı rəsmilər Ukraynadan aparılmış bütün vətəndaşların geri qaytarılmasını hər zaman əsas müzakirə mövzusu kimi saxlayıb.
Ukraynalı rəsmilər Moskvanı “sistemli deportasiya” adlandırılan prosesi təşkil etməkdə günahlandırır. Moskva uşaqları Ukraynadan oğurlayaraq Rusiya nəzarətində olan ərazilərə, hətta daha uzağa – Rusiyanın öz ərazisinə və müttəfiqi Belarusa köçürməkdə ittiham olunur.
Günay
Gununsesi.info