
İran prezidenti Məsud Pezeşkian ABŞ-la nüvə danışıqlarından danışıb. Pezeşkian qeyd olunan çərçivədə və milli maraqları qoruyaraq razılığa gəlməyə hazır olduqlarını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Pezeşkian Tehranda keçirilən görüşdə çıxış edib. Pezeşkian çıxışında ABŞ ilə danışıqlar prosesinə toxunaraq, “Biz danışıqlarda müəyyən edilmiş çərçivədə və milli maraqlarımızı qoruyaraq ABŞ ilə razılığa gəlməyə hazırıq, lakin onlar bizimlə bərabər əsasda danışıqlar aparmaq istəməsələr, yolumuza davam edəcəyik”.
“Biz burada döyüşmək üçün deyilik, lakin zorakılığı da qəbul etmirik”, – Pezeşkian deyib.
Qeyd edək ki, 2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Xamneyiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb. İran Oman vasitəsilə məktuba cavab verib.
Məktub dövriyyəsindən sonra aprelin 12-də İran və ABŞ Omanda dolayı danışıqlar aparıblar.
Tərəflər Omanın vasitəçiliyi ilə aprelin 19-da İtaliyanın paytaxtı Romada yenidən bir araya gəliblər. Həm İran, həm də ABŞ danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.
İran aprelin 23-də Omanda ekspertlər səviyyəsində texniki danışıqların, aprelin 26-da isə Omanda dolayı danışıqların keçiriləcəyini açıqlamışdı.
Orxan