Kosmosda qida istehsalı testi

  • By Admin2
  • 22 Aprel 2025 13:22

Avropa Kosmik Agentliyi (ESA) tərəfindən dəstəklənən bir layihə, kosmos şəraitində hüceyrələrdən qida istehsalının mümkün olub olmadığını yoxlayır. Təcrübə uğurlu olarsa, astronavtlar kosmosda biftekdən tutmuş sıyığa qədər hər şeyi istehsal edə biləcəklər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ESA tərəfindən aparılan araşdırmanın məqsədi astronavtlara qida çatdırılması xərclərini azaltmaqdır.

Hazırda bir astronavtın gündəlik yemək xərcinin 25 min dollar civarında olduğu bildirilir.

Kosmosda istehsalın bu xərci azalda biləcəyi qeyd edilib. ESA-nın verdiyi açıqlamada uzunmüddətli perspektivdə Beynəlxalq Kosmik Stansiyada kiçik bir qida istehsalı müəssisəsinin qurulmasının planlaşdırıldığı da paylaşılıb.

Layihə Böyük Britaniyada yerləşən Frontier Space şirkəti tərəfindən London İmperial Kolleci ilə birgə hazırlanır . Zülal, yağ və karbohidratlar kimi əsas qidalar hüceyrələr tərəfindən istehsal olunur. Bu inqrediyentlər daha sonra adi yeməyə bənzəmək üçün işlənir. Araşdırmanı icra edən Dr. Aqeel Shamsul bildirib ki, gələcəkdə bu qidalar 3D printerlərlə formalaşdırıla və istənilən yeməklər istehsal oluna bilər. “Stek istəyən astronavt onu çap edəcək. Bu, artıq elmi fantastika deyil, reallıqdır”, – Şəmsul deyib.

Orxan

Gununsesi.info