
Ukrayna prezidenti Vladimir Zelenski bu həftə ABŞ-a səfəri zamanı “qələbə planını” ABŞ prezidenti Co Baydenə təqdim edəcək.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski deyib ki, Baydenlə görüşündən sonra planını ABŞ Konqresinə və prezidentliyə iki namizəd, vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Trampa təqdim edəcək.
Tramp daha əvvəl ABŞ-ın Ukraynaya dəstəyini tənqid edib və Rusiya lideri Vladimir Putini tərifləyib.
Bununla belə, Tramp Zelenski ilə “çox güman ki” görüşəcəyini bəyan edib.
Ukrayna liderinin BMT Baş Assambleyasında da çıxış edəcəyi ABŞ-a səfəri Ağ Evin Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlamağa çalışdığı bir vaxta təsadüf edir.
Bildirilir ki, Ukrayna aylardır ABŞ, Britaniya və digər Qərb müttəfiqlərindən Rusiyadakı hədəfləri vura bilməsi üçün uzaqmənzilli raketlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edir.
Rusiya lideri Vladimir Putin bu yaxınlarda xəbərdarlıq etmişdi ki, o, uzaqmənzilli raket hücumlarına NATO-nun “müharibədə birbaşa iştirakı” kimi baxacaq.
ABŞ prezidenti Co Bayden də jurnalistlərin uzaq mənzilli raketlərlə bağlı qərarın əldə olunub-olunmaması ilə bağlı sualına “Xeyr” cavabını verib.
Donald Tramp noyabrda seçiləcəyi təqdirdə müharibəni “24 saat ərzində” bitirəcəyini deyib, lakin ABŞ-ın Ukraynaya dəstəyini pul itkisi kimi xarakterizə etməkdən başqa təfərrüatları açıqlamayıb.
Zelenskinin bəyanatında həmçinin müttəfiqlərinə indiyə qədər göstərdikləri köməyə görə minnətdar olduqları bildirilib və ABŞ-ı “əsas dəstəkçi” kimi qeyd ediblər.
ABŞ indiyədək 56 milyard dollarlıq yardımla Ukraynanın müdafiəsini dəstəkləyən əsas ölkədir.
Qeyd edək ki, Zelenskinin Vaşinqtondakı təmaslarından sonra çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcəyi gözlənilir.
Günel
Gununsesi.info