Əsas fəaliyyətim siyasətin cəlb ediciliyini artırmaqdır

Xəbər verdiyimiz kimi Natiq Cəfərli Respublikaçı Alternativ (ReAL) Partiyasının yeni sədri seçilib.

Bildirilib ki, partiya Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.

Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə oktyabrın 1-dən başlayacaq.

Bununla bağlı Partiyanın yeni sədri Natiq Cəfərli Gununsesi.info-ya Sədrliyi dövründə partiyada hansı dəyişikliklərin olacağı ilə bağlı suala açıqlama verib: “ReAL Partiyasında sədr olmaq, banal səslənsə də, həm asandır, həm də çətin. Asandır ona görə ki, burada bütün qərarları siyasi komitə verir. Siyasi komitədə də 8 nəfər ölkədə intellektual səviyyəsi ilə seçilən şəxslər var, onların keyfiyyətli müzakirəsi nəticəsində ortalığa çıxan qərarların yerinə yetirilməsi daha asan olur. Çətindir ona görə ki, ölkədə siyasi proseslərlə bağlı vətəndaşların iştirakı ilə bağlı ciddi problemlər var. Hazırda vətəndaşların siyasətdən kənarlaşdığı bir dövrdə yaşayırıq. Sədr kimi əsas fəaliyyətim həm də siyasətin cəlb ediciliyini artırmaq, yeni üzvlər cəlb etmək, platformalar təsis etmək, müzakirə ortamları yaratmaq, ölkənin gələcəyi ilə bağlı müzakirəli canlandırmaqdan ibarət olacaq.,- N. Cəfərli bildirib.

 

 

Orxan Saffari

Gununsesi.info