Yaxın Şərq “barıt çəlləyi”nə dönür: İran İsrailə nə zaman hücum edəcək? - Fərqli BAXIŞLAR

Yaxın Şərqdə yaşanan gərginlik Avropa İttifaqı (Aİ) və ABŞ-ın aparıcı diplomatlarını region ölkələri ilə aktiv danışıqlar aparmağa məcbur edir.

Qərb ölkələri iyulun 31-də İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın genişmiqyaslı müharibə elan etməsinə görə təşvişə düşüb.

Belə ki, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Enrike Mora İran liderlərini İsrailə qarşı hərbi addım atmamağa çağırıb.

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfərində İsrailin HƏMAS ilə davam edən atəşkəs danışıqları sülh üçün son şans olduğunu bildirib.

Öz növbəsində ABŞ Dövlət Departamentində Yaxın Şərq üzrə məsul olan Brett Makqurk Səudiyyə Ərəbistanı ilə vəziyyəti müzakirə etməyə başlayıb.

İsrail diplomatları Qərb ölkələrinin yeni oxşar əməliyyatlar planlaşdırmadıqlarını bildiriblər.

İran İsraildən qisas alacağına söz verib. Eyni zamanda, İranın ali dini lideri Ayətullah Əli Xamneyi İsrailə birbaşa zərbə endirilməsi barədə göstəriş verib.

ABŞ mediası İranın tezliklə hücum edəcəyini bildirir.

Lakin bunun konkret nə olacağı məlum deyil. Xarici ekspertlərin fikrincə, İran mülki obyektlərə zərər verməməyə çalışarkən Tel-Əviv və Hayfa bölgəsindəki hərbi hədəflərə pilotsuz təyyarələr və raketlərlə hücum edə bilər.

Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Çingiz Göytürk deyir ki, Haniyyənin öldürülməsini hansısa bir dövlətin bəsit bir əməliyyatı sonucu gerçəkləşdirdiyini düşünənlərdən deyil.

“Hesab edirəm ki, bu hadisə daha mürəkkəb bir sürəcin nəticəsidir. Kimsə üçün sirr deyil ki, İran ciddi daxili və xarici problemlər üzündən son dönəmlərdə ciddi bir çıxmazın içinə girib. Hətta rejim nümayəndələri belə bunu ifadə etməkdən çəkinmədilər. Yəni, istər daxili, istərsə də xarici siyasətdə müəyyən dəyişikliklərin siqnallarını verməyə başladılar. Özəlliklə, xarici siyasətdə Qərblə münasibətlərdə bu günə qədər yürütdükləri siyasətdən fərqli görüntünü açıq şəkildə və israrla nümayiş etdirmək rejimin düşdüyü çıxmazdan qurtulma cəhdi olaraq dəyərləndirilməlidir. HƏMAS lideri Haniyyənin öldürülməsinin (kim öldürürsə öldürsün – Ç.G) daha çox bu zəmində dəyərləndirilməsinin tərəfdarıyam. Üstəlik, İranın bu hadisəni xarici kəşfiyyatın əməliyyatı kimi göstərməkdə xüsusi israrı da diqqət çəkicidir”.

Göytürk bu hadisənin dövlətlərarası bir savaşa səbəbiyyət verəcəyinə inanmır: “Qərblə İran arasında bir müddət əvvəl başlayan danışıqların davamında İran hər kəsdən daha maraqlıdır. Dini lider Xamneyinin bəhs etdiyi qisası isə zənnimcə, bölgədə barındırdıqları terror qrupulaşmalarından birinə həvalə edəcəklər”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov hesab edir ki, bəzi qüvvələr, bu münaqişəni  artıq İsrail-HƏMAS çərçivəsindən çıxarıb:

“Onlar hesab edir ki, bu münaqişə daha geniş miqyas almalıdır. Bu istiqamətdə konkret olaraq prosesləri qızışdıranlar var. Düşünürəm ki, İranın bu prosesə cəlb edilməsi baxımından çox ciddi addımlar atılıb. İran tərəfi hər vəchlə çalışır ki, bu münaqişənin birbaşa iştirakçısı olmağından yayınsın. Əslində, İranın bugünkü mövqeyi, hərbi potensialı, gücü onu deməyə əsas verir ki, İran açıq şəkildə müharibəyə qoşulmaq iqtidarında deyil. İranın bu niyyəti yoxdur. Çünki İran çox gözəl anlayır ki, əgər o, İsrailə qarşı hər hansı bir addım atacaqsa, bu birmənalı ABŞ-ın və Qərbdən olan digər İsrail müttəfiqlərinin prosesə qoşulması onlarla qarşıdurmaya gəlməsinə gətirib çıxaracaq. Buna görə də İran bunu anladığına görə bu məsələdə mümkün qədər prosesdən yayınmağa cəhd göstərir. Amma təbii ki, ona qarşı atılan addımları da gözardı edə bilmir. Çünki bu, İran cəmiyyətində, İran hakimiyyətinə qarşı ciddi fikir formalaşdıracaq. Onların zəifliyi, uğursuz siyasəti, gücsüzlüyü və düşmənlərə qarşı iradə ortaya qoya bilməməsini gündəmə gətirəcək. Buna görə onlar ciddi addım atmırlar”.

Politoloqun fikrincə, ABŞ-ın özü belə hazırkı Rusiya, Ukrayna müharibəsinin fonunda və ya digər bir sıra proseslərin fonunda İranla İsrailin açıq müharibəyə girməsindən yana deyil: “Həm ABŞ, həm digər dövlətlər bu gün açıq müharibənin tərəfdarı deyil. Bu münaqişələrin bu şəkildə davam etməsi İsrail-HƏMAS və yaxud digər qruplaşmalarla tam müharibə səviyyəsinə getməyəcək qədər qarşıdurmaların olması, qarşılıqlı atəşlərin, raket atəşlərinin və yaxud müəyyən fasilələrlə bu qüvvələrin marağındadır. Çünki həm bu müharibə, daha doğrusu, silah istehsal edən dövlətlərin əsas məqsədi məhz bu məqamlarla bağlıdır. İsrail hadisələri o məcraya gətirib çıxarıb ki, geriyə və çox irəliyə də addım ata bilmir. Çünki bu onun irəli addım atması artıq bu qığılcımın partlaması və müharibənin növbəti müharibənin alovlandırılmasıdır. Bu da hələ ki Qərb dövlətləri, Amerika Birləşmiş Ştatları İsraillə bu məsələdə tam şəkildə dəstək olmur. Düzdür, ona hücum olacağı təqdirdə, hər bir halda, onu müdafiə edəcəklərini və onu qoruyacaqlarını dilə gətirsələr də, onun hücum etməsinin və yaxud İranla, digər dövlətlərlə müharibəni reallaşdırmasından yana olmadıqlarını açıq şəkildə göstərirlər”.

Xəyal Bəşirov vurğulayıb ki, Yaxın Şərqdə alovlanan bu münaqişə dünyanın ayrı-ayrı dövlətlərinin iştirakını təmin edə biləcək:

“Yaxın Şərq həssas regionlardan biridir. Əgər bu reallaşsa, Üçüncü Dünya müharibəsi ola bilər. Ancaq düşünmürəm ki, müharibə olacağı təqdirdə, Üçüncü Dünya müharibəsinə keçəcək.
Hazırkı dünyanı Çinsiz təsəvvür etmək mümkün deyil. Üçüncü Dünya müharibəsinin bugünkü reallıqlarda olacağı təqdirdə, Çinsiz bu müharibəni də təsəvvür etmək mümkün deyil. Çinin iştirak etmədiyi müharibəni dünya müharibəsi adlandırmaq olmaz. Baxmayaraq ki, hazırda dünyada baş verən proseslər elə Üçüncü Dünya müharibəsinin soyuq küləklərindən xəbər verir. Amma bu hələ də Üçüncü Dünya müharibəsi deyil və Üçüncü Dünya müharibəsi Birinci, İkinci Dünya müharibəsinin davamı kimi hazırkı dünya gücləri arasında və yaxud onların bu və ya digər formada iştirakı ilə həyata keçməlidir ki, hələ ki, onun şahidi deyilik”.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info