Avqustun istisində fevralın şaxtasını hiss etmək - JALƏ HƏSƏNLİNİN XOCALI QEYDLƏRİ

  • By admin
  • 20 Avqust 2024 10:51
Avqustun istisində fevralın şaxtasını hiss etmək-Xocalıda olmaq…
Xocalı Hava Limanı. Mənə görə isə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin mübarizə qalası…
Əsgəranı keçib Xocalıya yaxınlaşdıqca uşaqlığımdan bu günə qədər Xocalı haqqında yazılanları, danışılanları xatırlayırdım.
Ürəyimdə kaş indi Dürdanə xanım da yanımda olaydı dedim. Fevral ayında Xocalı şahidi Dürdanə Ağayeva ilə birlikdə gəlmək istəyirdim, danışdıq, qərarlaşdıq ki, o sağalacaq, özünü tam gümrah hiss edəndə birlikdə gələcəyik. Qismət olmadı. Amma nə yaxşı ki, Xocalının azadlığını görmək ona nəsib oldu. Xocalı mənim üçün Dürdanə Ağayevadır, 613 şəhiddir, yer üzündən silinən 8 ailədir, taleyi naməlum olan sakinlərdir. Xocalı əzmin, mübarizənin simvolu Əlif Hacıyevdir.
Yolboyu hər daşında, ağacında Xocalı faciəsini xatırladan Şelliyə baxırsan, Əsgəran qalasına baxırsan, Qarqarçaya baxırsan, bir də başını qaldırıb bu gün Xocalını işıqlandıran parlaq günəşə, hər yerdə dalğalanan Azərbaycan bayrağına baxırsan. Nisgil dolu bir qürur yaşayırsan. Torpaqda addımlamaqdan çəkinirsən, ayağını basdığın yerlərdə bəlkə yenə kütləvi məzarlıqlar olar deyə, onların ruhunu incitməkdən çəkinirsən.
Amma bu gün Xocalıya yeni həyat qayıdır. O nisgili, o yaranı sağaltmaq, göz yaşını təbəssümə çevirmək üçün böyük işlər görülür.
Artıq Xocalı küçələrində bizi velosiped sürən, üzügülər körpələr qarşılayır. Onların təbəssümü bizə də yansıyır, bir az təskinlik tapıb yola davam edirik. Şəhidlərimizə rəhmət, qazilərimizə dualarla ayrılırıq Xocalıdan…
Jalə Həsənli