
Nepalın turizm cənnəti Pokharada keçirilən “Visit Pokhara Year 2025” tədbiri böyük fəlakət səhnəsi olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, açılış mərasimi zamanı səmaya buraxılması nəzərdə tutulan hidrogenlə doldurulmuş şarlar qəfildən alov topuna çevrilərək partlayıb.
Nepalın baş nazirinin müavini Bişnu Paudel və Pokhara meri Dhanraj Acharya hadisə zamanı yaralanıb.
Hadisə fevralın 15-də Paudel və Acharya eyni vaxtda elektrik açarı ilə mərasim şamlarını yandırarkən mərasimin keçirildiyi yerə hidrogenlə doldurulmuş balonları buraxdıqları zaman baş verib. Balonlardan yüksələn hidrogen qığılcımla təmasda olduqda böyük partlayışa səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, hadisə yerini dərhal alov bürüyüb və səlahiyyətlilər dərhal təxliyə edilib.
Partlayışdan sonra polis hidrogenlə doldurulmuş şarları şişirtməkdə məsul olan Hindistan vətəndaşı Kamleş Kumarı saxlayıb. 41 yaşlı Kumar səhlənkarlığa görə Nepal polisi tərəfindən Kaski rayon məhkəməsinə sövq edilib. Təhlükəsizlik rəsmiləri partlayışın təhlükəsizlik pozuntuları nəticəsində baş verdiyini ehtimal edir.
Üz və əllərindən yanıq xəsarətləri alan baş nazirin müavini Paudel müalicə aldıqdan sonra Katmandudakı Kirtipur Yanıq Xəstəxanasından buraxılıb. Bildirilib ki, Pokhara meri Açarya üzündəki yanıqlar səbəbindən hələ də müşahidə altındadır. Nepalın daxili işlər naziri Ramesh Lekhak hadisənin səbəblərini araşdırmaq və təhlükəsizlik tədbirlərindəki çatışmazlıqları müəyyən etmək üçün istintaq komitəsinin yaradıldığını açıqlayıb.
Orxan Saffari