
Tez-tez məktəblərdə baş verən neqativ hadisələrlə bağlı məlumatlar yayılır. Kimsə kimisə vurdu, şagirdləri incitdilər, nalayiq hərəkət etdilər, pul yığırlar və s. Əsas hədəf də dövlət məktəbləridir. Bir çox hallarda xəbərlər təsdiqini tapmır, yaxud yanlış olur. Çünki xəbəri yayarkən nə məktəbin, nə Elm və Təhsil Nazirliyinin rəyi öyrənilir.
Amma heç kim özəl məktəblərdə nələr baş verdiyi ilə maraqlanmır, baxmayaraq ki, yuxarıda sadaladığımız neqativ faktlar özəl məktəblərdə daha qabarıq və eybəcər formada mövcuddur.
Bunlardan birinin də Xəzər Universitetinin Dünya məktəbi olduğu iddia edilir. Bir qrup valideyn “Qafqazinfo”ya müraciət edərək bildirib ki, Hamlet İsaxanlının Dünya məktəbində təhsil haqqı illik 13-15 min AZN-dir. Qiymətlər ildən ilə dəyişir, kəskin artırılır, amma bu dəyişkliyi əsaslandırmağa cəhd belə göstərilmir. Valideynlər də uşaqlarını öyrəşdiyi kollektivdən ayırmamaq üçün artımı ödəmək məcburiyyətində qalırlar:
“Maraqlı məqamlardan biri dərsliklərlə bağlıdır. Dərsliklərin əvvəlinə mütləq qaydada Hamlet İsaxanlının, yaxud ailə üzvlərinin fikirləri, sitatları daxil olunur. Bunun niyə belə olduğu da izah edilmir. Valideynlərin sözlərinə görə, bu, sadəcə təvazökarlıqdan uzaq, qeyri-etik, yolverilməz haldır.
Uşaqlar dövlət, dövlətçilik anlayışından kənardırlar, milli hisslər, vətənpərvərlik ideyaları atavizm kimi dəyərləndirilir və şagirdlər bu anlayışlardan uzaq tutulur.