Gürcüstanda seçkilər ərəfəsində GƏRGİNLİK – Zurabişvilinin taleyi necə olacaq?

Gürcüstanda parlament seçkilərinə bir gün qalıb. Seçkilərin nəticələri Tbilisinin xarici siyasət kursunu müəyyən edəcək ki, bu da Moldovada olduğu kimi önəmlidir.

2024-cü ildən etibarən Gürcüstan parlamentində seçkilər yalnız proporsional sistemlə keçiriləcək, əvvəlki qarışıq majoritar-proporsional sistem yerini yeni modelə verəcək.

Oktyabrın 26-da baş tutacaq seçkilərdə 27 partiya iştirak edəcək, lakin aralarında bir neçə əsas partiya diqqət çəkir.

Seçkilərlə bağlı ölkədə ciddi narahatlıqlar mövcuddur.

Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili isə hesab edir ki, o, qarşıdan gələn parlament seçkilərindən sonra vəzifəsindən kənarlaşdırıla və həbs oluna bilər.

Gununsesi.info-ya mövzunu şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Gürcüstanda hadisələr günü-gündən gərginləşir:

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

“Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi ölkədə ixtişaşlar, etiraz aksiyaları baş verib və bu, gözlənilən idi. Salome Zurabişvili ilə hazırkı “Gürcü arzusu” hakim partiyası arasında münasibətlərin də nə yerdə olduğu məlumdur və bundan öncə də ona qarşı bu addımlar atılmışdı. Zurabişvili Qərbyönümlü olduğunu açıq şəkildə büruzə verir və hazırkı “Gürcü arzusu” partiyası ilə açıq qarşıdurmaya gedir. Düşünürəm ki, hadisələrin gedişatı bir sıra məqamları reallaşdıra bilər. O cümlədən “Gürcü arzusu” partiyasının üstünlük təşkil etdiyi parlamentdə qəbul edilən bütün qanunları imzalamaqdan imtina edən Zurabişvili, prosesin bu səviyyəyə gəlib çıxmasında özü də az rol oynamayıb. Çünki o, hazırkı hakim partiyanı Rusiyayönümlü olmaqda açıq şəkildə ittiham edir. Təbii ki, bu da onlar arasında münasibətləri nəinki normallaşdırmır, əksinə, daha da gərginləşdirir”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, gözlənilən budur ki, hazırkı hakim partiya yenidən parlament seçkilərində qalib gəlsin: “Belə olacağı təqdirdə Zurabişvilinin həbsi ilə bağlı dəqiq proqnoz bəlli deyil. Ancaq böyük ehtimal var ki, onun impiçment məsələsi gündəmə gətiriləcək. Onu hakimiyyətdən uzaqlaşdırmağa nail olsalar, ondan sonra onunla bağlı digər addımların atılmasına yol verilə bilər, cinayət məsuliyyətinə cəlb etmə və yaxud digər məsuliyyət tədbirləri ilə bağlı addımlar atıla bilər. Çünki qeyd etdiyim kimi, Zurabişvili Qərb dövlətləri ilə yaxın olduğunu heç də gizlətmir, açıq şəkildə bunu büruzə verir və Gürcüstanın Avropa məkanına inteqrasiyası ilə bağlı mövqeyini həmişə bəyan edib”.

X.Bəşirov onu da qeyd edir ki, Gürcüstan parlamentar respublikadır və orada prezident simvolik hakimiyyətə sahibdir.

“Amma hər bir halda nəzərə alaq ki, bu ölkənin rəmzi də olsa, prezident ölkənin rəhbəri olaraq tanınır. Əgər ölkənin rəhbəri bu mövqeyi bildirirsə, ona qarşı bu ittihamların olacağı gözləniləndir”, – deyə politoloq fikrini yekunlaşdırıb.

 

Şəbnəm Rəhimova

Gununsesi.info