Əvəz Zeynallıdan xəbər var

  • By Günel
  • 19 Aprel 2025 21:46

Bu gün Əvəz bəylə görüşdüm. Səhhəti dəyişməz olaraq qalır. Müalicə Müəssisəsində müəyyən aralıqlarla mütəmadi olaraq qan və plazma köçürülür. Bu hələlik yetərlidir ki, özünü idarə edə bilsin. Bacardığımız qədər danışıb, fikrini yayındırmağa çalışdıq. Baş verənlərlə bağlı ətraflı məlumat verdik. Dostlara, xalqımıza təşəkkür etdi. Deməli, hədər yaşamamışıq!, – dedi.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Xural” Media Qrupunun rəhbəri, hazırda həbsdə saxlanılan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Qisuri Zeynallı özünün “Facebook” hesabında yazıb.

 Məlahət Qisuru Zeynallı 14 nəfərin ona qaraciyərini verməyə hazır olduğunu bildirib:

“Sözarası mənə müraciət edən 14 nəfərin qara ciyər orqanını ona verməyə hazır olduqlarını dedim. Çox qəhərləndi: “Görürsən, kim ki, deyir bu xalq üçün dəyməz, onlara tərs şapalaqdır bu hadisə! Dəyərmiş…”

Məlahət Zeynallı qeyd edib ki, vaxtı yubatmamaq üçün konsiliumunun çağırılmasını və ümumi rəyi hazırlayaraq məhkəməyə təqdim etməsini istədik:

“Bu qədər həyəcan siqnalının arasında narahatlıqlarımızı yazdıq. Aprelin 24-də Nizami rayon məhkəməsində hakim Nigar Qədirlinin sədrliyilə keçiriləcək iclasda vaxtı yubatmamaq üçün Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin həkimlərdən ibarət konsiliumunun çağrılmasını və ümümi rəyi hazırlayaraq məhkəməyə təqdim etməsini istədik. Dedik axı, zamanla döyüşürük. Hər anın hökmü var. Qara ciyərini ağuşuna alan o “zəhrimar”a necə başa salaq ki, ortada bir böyük siyasət var, sən Allah bir az gözlə, sonra yayılmaqda davam edərsən”.

Məlahət Qisuri Zeynallı Ədliyyə Nazirliyinə, Baş Tibb İdarəsinə 3 gündür ki, dayanmadan zəng vurduğunu bildirib:

“Dəhşətdir. Ən azı, Əvəz bəyə hansı müalicənin yazıldığını, analizlərin cavabını, hansı dərmanların yazıldığını bilmək istəyirəm ki, Rəy də öz yerində… Vaxtında versinlər ki, məhkəmə də qərarını versin. Yox, cavab vermirlər. Nazir Fərid Əhmədovdan çox-çox xahiş edirəm, asudə vaxtlarında öz nazirliyinə zəng vursun, internetdə yayımlanan telefonların Ədliyyə Nazirliyinə məxsus olub-olmadığını açıqlasın. İndi biz nə edək? Necə edək? Guya hüquqlarımızı müdafiə edəcək Nazirliyə səsimizi necə çatdıraq?”

O, Nigar Qədirlidən narazı olduğunu bildirərək qeyd edib:

“Hakim Nigar Qədirlinin də digər hakimlərdən heç nə ilə fərqlənməyəcəyi qənaətindəyəm. Çünki deyilənlərə görə vətəndaşlarla, “tı çto, nenormalnaya” ifadələri ilə danışır. Yazıq məmləkətim, kimlərin əlinə qaldı. Ona görə də bir daha müvafiq qurumlara, dövlətin yeganə səlahiyyətlisi Prezident İlham Əliyevə müraciət edirəm. Əvəz Zeynallının məsələsi, həm də məmləkətin məsələsidir. Bir günahsız insanı müstəqil fəaliyyətinə görə həbsxanada öldürmək nə bu dövlətə yaraşar, nə də onu idarə edənlərə. Vaxtı uzadıb, son ana qədər getməyin! Əvəz Zeynallıya haqqı olan azadlığını verin”.

Gununsesi.info