
“Sabah” komandası Azərbaycan Premyer Liqasının XXXI turunda “Səbail”i qəbul edib.
Gununsesi.info xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən oyunda meydan sahibi komanda qalib gəlib – 3:2.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi matçda hesabı 21-ci dəqiqədə “dənizçilər”in futbolçusu İnnosent Nşuti açıb. 10 dəqiqə sonra isə Masazır təmsilçisi Sofian Çaklanın qolu ilə hesabı bərabərləşdirib.
Elvin Məmmədovun rəhbərlik etdiyi kollektiv 75-ci dəqiqədə Süleyman Alluşun baxımlı qolu ilə önə keçsə də, 82-ci dəqiqədə Dmitro Litvin topu öz qapısına göndərib. Görüşün 90+3-cü dəqiqəsində isə Coy Lens Mikels “Sabah”ın qələbə qolunu vurub.
Bu, Vasili Berezutskinin komandasının 9 oyundan sonra ilk qələbəsi olub. Onlar sonuncu dəfə XXII turda evdə “Turan Tovuz”a qalib gəlmişdilər
Bununla da, “bayquşlar” xallarının sayını 39-a çatdıraraq 5-ci pillədəki mövqeyini möhkəmlədib. “Səbail” 20 xalla sonuncudur.
Qeyd edək ki, bu gün turun digər matçında “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.