Ərəb Parlamenti: - Biz Fələstin xalqını zorla köçürmək cəhdlərini qəti şəkildə rədd edirik

Ərəb Parlamenti “Fələstinin suverenliyini pozmaq, Qəzza zolağını ələ keçirmək və Fələstin xalqını zorla köçürmək cəhdlərini” rədd etdiyini bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Ərəb Parlamenti Misirin paytaxtı Qahirədə “ Qəzzanın yenidən qurulması məsuliyyətdir, xalqının deportasiyası cinayətdir” mövzusu ilə fövqəladə iclas keçirib.

Görüşdən sonra verilən açıqlamada Fələstin xalqını zorla köçürməklə Fələstin davasını ləğv etmək cəhdinin qəbuledilməz olduğu vurğulanıb.

“Biz birmənalı şəkildə Fələstin xalqını İordan çayının qərb sahilində və Qəzza zolağında zorla köçürmək cəhdlərini və ya səyləri rədd edirik ”.

Bəyanatda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) və beynəlxalq ictimaiyyət Fələstin xalqını zorla köçürmə planlarına qarşı mövqe tutmağa çağırıb.

ABŞ rəhbərliyindən Fələstin xalqının hüquqlarına zidd, beynəlxalq legitimliyə zidd bəyanatlar verməyi dayandırmağa çağırılan bəyanatda ABŞ prezidenti Donald Trampın fələstinlilərin məcburi köçkünləri ilə bağlı açıqlamalarının iki dövlətli həllə töhfə vermədiyinə diqqət çəkilib.

Bəyanatda həmçinin beynəlxalq və regional parlamentlərdən Fələstin xalqının sözügedən planlara qarşı müqavimətini dəstəkləməyə çağırılıb və İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılması tələb edilib.

Orxan

Gununsesi.info