Marsın qırmızı rənginin sirri həll olunur

Günəş sistemindəki ən hərtərəfli öyrənilmiş planetlərdən biri olan Mars uzun müddətdir ki, “qırmızı planet” adlanır. Bu günə qədər ən çox qəbul edilən nəzəriyyə bu rəngin Marsın səthini örtən paslanmış dəmir minerallarından qaynaqlandığını göstərir . Ancaq yeni bir araşdırma bu fikri sarsıdan tapıntıları ortaya qoydu.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nature Communications jurnalında dərc edilən bir araşdırma, Marsın qırmızı rənginin hematitlə deyil, ferrihidrit adlı mineralla əlaqəli ola biləcəyini ortaya qoydu. Ferrihidrit soyuq su mühitində əmələ gələn bir mineraldır və tapıntı Marsın su tarixi haqqında mühüm ipuçları verə bilər. Alimlər planetin toz qatını ətraflı öyrənmək üçün Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın Mars missiyalarının məlumatlarından istifadə ediblər.

Marsdakı toz hissəciklərinin ölçüsü və tərkibi Trace Gas Orbiter-in CaSSIS görüntüləmə sistemi ilə müəyyən edilib. Daha sonra laboratoriya mühitində Mars tozunun nüsxəsi istehsal edilərək müxtəlif növ dəmir oksidi analiz edilib.

Tədqiqatçılar qeyd ediblər ki,  ferrihidrit yalnız suyun varlığında əmələ gələ bilər və buna görə də Marsın əvvəllər düşünüldüyündən daha tez paslanmış ola bilər. Tapıntılar onu deməyə əsas verir ki, planetin səthində su olan mineral təbəqələr çox ola bilər. Təxminən 3 milyard il əvvəl Marsda intensiv vulkanik fəaliyyətlərin buzları əritmiş və su və qaya qarşılıqlı təsirinə səbəb ola biləcəyi ifadə edilir. Gələcəkdə NASA və ESA arasında birgə Marsa Nümunə Qaytarma Proqramı çərçivəsində planetdən geri gətirilən qaya və toz nümunələri Marsın su tarixi haqqında daha dəqiq məlumat verə bilər.

Orxan

Gununsesi.info