Göygöldə həyatını itirən hamilə qadının yoldaşı: "Körpəmi və yoldaşımı öldürdülər"- VİDEO

  • By Günel
  • 26 Fevral 2025 22:18

Fevralın 25-də Göygölün Murovdağ qəsəbə sakini, 35 yaşlı Nuranə Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya qəbul olunsa da, qadın və onun bətnindəki körpə bir neçə dəqiqə sonra həyatını itirib.

Gununssi.info Baku TV-yə istinadən xəbər verir ki, N.Cəbrayılovanın yaxınları hadisə ilə bağlı jurnalistlərə açıqlamalarında bildiriblər ki, ana və körpənin ölümü həkim səhlənkarlığı səbəbindən olub.

“Dedilər ki, həm ana, həm də uşaqla bağlı hər şey qaydasındadır, doğuş yaxşı keçəcək. 10 dəqiqə sonra yuxarı qalxanda gördüm ki, hamı bir tərəfə qaçır. Qapını açıb içəri girəndə artıq həyat yoldaşımla körpəm həyatını itirmişdi. Onları həkimlər öldürdülər”, – mərhumun həyat yoldaşı Füzuli Cəbrayılov deyib.

Ətraflı süjetdə:

“Göygöldə hamilə qadın və bətnindəki körpəsinin doğuş zamanı ölməsinin səbəbi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qərarına əsasən veriləcək”.

Gununssi.info – nun məlumatına görə bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

“1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) 25 fevral saat 10:30-da Göygöl Rayon Mərkəzi Xəstəxanasına 39 həftəlik hamiləlik, baş gəlişi, döl qişalarının vaxtından əvvəl cırılması, doğuş fəaliyyətinin I dövrü diaqnozu ilə hospitalizasiya olunub.

Həkim mama-ginekoloq tərəfindən hamilə müayinə edilib və doğum fəaliyyəti başladığı üçün nəzarətə götürülüb.

Təxminən saat 15:10-da hamilə qadının vəziyyətində pisləşmə qeyd edilib (huşun itməsi, sianoz, qıcolma) həkim anestezioloq-reanimatoloqun konsultasiyası ilə müvafiq tibbi yardım göstərildikdən sonra, təcili qeysəriyyə kəsiyi əməliyyatı üçün qərar qəbul edilib. Əməliyyat masasında hamilənin vəziyyəti anidən kəskin pisləşdiyi üçün təcili reanimasiya tədbirləri icra olunmağa başlanılıb.

Aparılmış bütün zəruri tədbirlərə baxmayaraq, hamilədə ölüm faktı baş verib. Ölüm hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit ekspertiza üçün təhvil verilib”, – deyə məlumatda bildirilir.