
2025-ci ilin yanvar-may aylarında əhalinin sayı 14205 nəfər və ya 0,14 faiz artaraq 2025-ci il iyun ayının 1-i vəziyyətinə 10 239 094 nəfərə çatıb.Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 38836 yeni doğulan körpə qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə azalaraq 9,8-dən 9,2-yə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1264-ü əkiz, 57-si isə üçəm olub.
Bu ilin yanvar-may ayları ərzində ölkədə 25148 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.
Cari ilin ilk beş ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 19783 nikah və 8678 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,7-yə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a azalıb.