
Azərbaycanın 17 yaşadək güləşçilərdən ibarət millisi Novi Sadda keçirilən Avropa çempionatının qalibi olub.
Gununsesi.info-ya Federasiyadan verilən məlumata görə böyük məşqçi Taleh İsrafilov və məşqçilər Rasim Ağayevlə Elbrus Məmmədovun rəhbərliyi altında yollanan komandamızın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.
Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionluğunu qazanıb. Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.
Beləliklə, U-17 yunan-Roma güləşi üzrə yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub.
Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.
Qeyd edək ki, millinin heyətində Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev Avropa çempionu olub. Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov bürünc medal qazanıb.
Gununsesi.info