Atamı Vergi Xidmətinin sifarişi ilə həbsə atıblar, Ali Məhkəmədən ədalət gözləyirik - ŞİKAYƏT

Lənkəranda rezonans doğurmuş qondarma cinayət işindən əziyyət çəkən Kazımov Zakir Mahmud oğlunun qanunsuz həbsi hələ də davam edir.

Qeyd edək ki, Kazımov Zakir Mahmud oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-16/2023 saylı 28 fevral 2023-cü il tarixli hökmü ilə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Kazımovlar ailəsinin isə növbəti ümid yeri  Ali Məhkəmədir.

Bəs görəsən, qanunsuzluqla üzləşən Kazımovlar ailəsinin axtardığı  ədaləti Ali Məhkəmə özündə güc tapıb təmin edə bilərmi?

Ailənin Gununsesi.info-ya təqdim etdiyi müraciəti olduğu kimi dərc edirik:

 

Kazımov Zakir Mahmud oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-16/2023 saylı 28 fevral 2023-cü il tarixli hökmü ilə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş, Şirvan Apellyasiya Məhkəməsi N sayda verdiyimiz sübutlara, dəlillərə, izahatlara, vəsatətlərə rəğmən 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış, bununla belə bir görüntü yaradılır ki, guya istintaq materialları qanuna müvafiq tərtib edilib və guya 1-ci instansiya məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin qərarları qanunauyğun olmuşdur. 

 

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Vergi Xidmətinin qondarma təqdimatını əsas götürərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri əsasında qondarma cinayət işi başlamış və Kazımov Zakir Mahmud oğlu təqsirli bilinərək barəsində Binəqədi rayon məhkəməsi tərəfindən 26.05.2022-ci ildə həbs qətimkan tədbiri seçilmişdir.

 

Lakin bu qondarma cinayət işi ilə bağlı bu gün bir sıra müəmmalı suallar ortaya çıxır. Mənbənin məlumatına görə, bu suallar Lənkəran ictimaiyyətini narahat etməyə bilməzdi. Belə ki, Lənkəran İctimaiyyətinin müxtəlif təbəqələrini əhatə edən 100-ə yaxın insan Kazımov Zakir Mahmud oğlu barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş və Kazımov Zakirin gözəl, əxlaqlı insan, sadiq dövlət məmuru olmasını xüsusilə qeyd etmiş və Lənkəran İctimaiyyətində rezonans doğuran qondarma cinayət işinin ədalətli şəkildə araşdırılmasını tələb etmişlər. Bu baxımdan Lənkəranda yerləşən 6 saylı Ərazi Vergilər Baş İdarəsində baş verən hadisələr də diqqət çəkir. 

 

Qondarma cinayət işinin görünməyən tərəfi

Bu qondarma cinayət işinin istintaqını aparmış Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi öz karyerasına görə, yəni bu idarənin müstəntiqi olduğuna görə və korrupsiya ilə mübarizə görüntüsünü yaratmaqdan ötrü işi elə bir şəkildə aparmışdır ki, bütün prosesi Cinayət Məcəlləsinin 311-ci maddəsinə uyğunlaşdırmışdır. Halbuki  təqsirləndirilən şəxsin əməlində 311-ci maddənin tərkibi yoxdur. Lakin müstəntiq nəyin bahasına olursa-olsun Kazımov Zakir Mahmud oğlunun əməlində korrupsiya hüquq pozmalarının olmasını cinayət qanununa görə şahid sayılmayan şəxslərin ifadələri və sübut sayıla bilinməyən digər “sübutlar” əsasında sübut etməyə çalışmış və guya bu hüquq pozmalara görə təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini, mütəxəssis dili desək, uğursuz şəkildə əsaslandırmağa cəhd  etmişdir və s.

 

Kazımov Zakir Mahmud oğlu vergidəki işində baş vermiş oyunların qurbanı oldu

Belə ki, Namiq Bağırov 20 noyabr 2019-cu ildə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi təyin olunmuş, 20 fevral 2020-ci ildə həmin vəzifəyə təsdiq olunmuşdur, 6 oktyabr 2021-ci ildə isə hansısa müəmmalı işlərə görə vəzifəsindən kənarlaşdırılmış və sərəncama göndərilmişdir. Ondan dərhal sonra idarənin rəis müavini Ziya Ağagülov onun yerinə rəis təyin olunur, daha sonra isə 6 saylı Ərazi Vergilər Baş İdarəsində “baş tutmuş plan”dan sonra Ziya Ağagülov 3 saylı Ərazi Vergi İdarəsinə rəis təyin olunur. 

 

Bu aralarda vergi ödəyicisi Sahibkar Qədimova Zeynəb Rəcəbəli qızının həyat yoldaşı Qədimov Tahir Əbdüləli oğlu 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Mircavad Haşımov və Zakir Kazımov tərəfindən sahibkar arvadından 20000 (iyirmi min) manat pul tələbi ilə bağlı Vergi orqanına şikayət yazır və qeyd edir ki, 2020-ci ilin oktyabr və 2021-ci ilin avqust aylarında adı çəkilən vergi əməkdaşları mağazasında yoxlama aparmışlar. Lakin müəmmalardan biri də budur ki, şikayətçinin istintaqa verdiyi ifadəsindən aydın olur ki, ondan tələb olunan pul məbləğini verəndən bir il 5 aydan sonra o şikayət edir.

 

Bu şikayət əsasında Dövlət Vergi Xidməti və Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfdən atama qarşı irəli sürülmüş ittihamlar əsassızdır, qanunsuzdur, çünki heç bir maddi sübuta, fakta və dəlilə əsaslanmır. Ən dəhşətlisi budur ki, sadəcə şikayətçinin uydurduğu yazılı və şifahi ifadələrinə əsaslanan Dövlət Vergi Xidmətinin təqdimatı əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müraciəti ilə Kazımov Zakir Mahmud oğlu barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildi. Binəqədi rayon məhkəməsi də heç bir əsaslı və mötəbər sübuta əsaslanmadan belə bir yanlış və əsassız qərar qəbul etmişdi.

 

Kazımov Zakir Mahmud oğluna qarşı irəli sürülən ittihamlar mötəbər sübutlara əsaslanmır

CPM-nin 402.0.2-ci maddəsinə əsasən irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökmündə mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Birinci instansiya məhkəməsi öz hökmündə təqsirləndirilən şəxs Kazımov Zakir Mahmud oğlunun təqsirinin sübuta yetirildyini əsaslandırmaq üçün “şahid” Qədimov Tahir Əbdüləli oğlunun 6 saylı ƏVBİ-nin sabiq rəsi müavini Ziya Ağagülovun 23 dekabr 2021-ci il tarixdə qəbulu zamanı çəkilmiş video görüntülərə və həmin video görüntülərə baxış keçirilməsi haqqında 05 mart 2022-ci il tarixli protokola (cild 1, iş vərəqə 27- 29) istinad edir. Halbuki 23 dekabr 2021-ci il tarixdə aparılmış video görüntülər və onlara baxış keçirilməsi haqqında 05 mart 2022-ci il tarixli protokol yolverilməz sübutlar hesab olunmalıdır.

 

Belə ki, qondarma cinayət işinin materiallarında olan Vergilər Nazirliyinin 24.03.2020-ci il tarixli müvafiq əmrilə təsdiq edilmiş “Vergi orqanlarında çalışan əməkdaşların koronavirus infeksiyasına yoluxması təhlükəsinin qarşısının alınması istiqamətində görüləcək işlərlə bağlı Tədbirlər Planı”nın 18-ci bəndinə əsasən, qəbul otaqlarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının təxirə salınması həyata keçirilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 09 iyun 2022-ci il tarixli qərarda (cild 3, iş vərəqə 54-103) qeyd olunur ki, şikayətçi Tahir Qədimov qəbulda olarkən qəbulun video kamera vasitəsilə qeydə alınmasından məlumatı olmamışdır.

 

Bundan başqa qeyd edilən video görüntülərə baxış istintaq hərəkəti icraat qaydalarının kobud pozuntusu ilə aparılmışdır. Belə ki, CPM-nin 217.1- ci maddəsinə əsasən ibtidai istintaq və ya təhqiqat şəklində ibtidai araşdırma yalnız cinayət işinin başlanması haqqında qərar çıxarıldıqdan sonra aparılır. İş materiallarından görünür ki, cinayət işi 28 mart 2022-ci il tarixində başlanıb, amma video görüntülərə baxış istintaq hərəkəti 05 mart 2022-ci ilə təsadüf edir. Başqa sözlə desək, qondarma cinayət işinin başlanması haqqında qərar qəbul edilmədən Dövlət Vergi Xidmətində CPM-nin 205-ci maddəsinin tələblərinə əsasən daxil olmuş materialın araşdırılması gedişində video görüntülərə baxış istintaq hərəkəti aparıla bilməzdi.

 

Beləliklə, video görüntülərə baxış və müvafiq protokolun tərtibi CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə, yəni araşdırmanın həmin mərhələsi üçün qanuni əsaslar olmadan keçirilmişdir ki, bu da öz növbəsində əldə edilmiş sübutun CPM-nin 125.2-ci maddəsinə əsasən yolverilməz olduğunu və buna görə də hökm çıxarılarkən sübutlar siyahısından xaric edilməli olduğunu şərtləndirir. 

 

Bu qondarma cinayət işində “Şahid” yoxdur

Şahid qismində ifadə verən şikayətçinin bütün qohum-əqrabalarının heç biri təqsirləndirilən şəxslərin şikayətçidən pulu almasını və ya verməsini öz gözləri ilə görməyiblər və qulaqları ilə eşitməyiblər. Sadəcə şikayətçinin onlara verdiyi məlumatları istintaqda ifadə verən zaman yazıblar. Cinayət qanununa görə bu adamların heç bir şahid sayıla bilməz.

Belə ki, CPM-nin 126.3-cü maddəsinin tələblərinə görə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər.”

Göründüyü kimi, şahid qismində dindirilən şəxslərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Lakin istintaq orqanları, eləcə də Məhkəmələr CPM-nin bu vacib normasına əhəmiyyət vermir və “şahid” adlandırılan şəxslərin hamısının verdikləri məlumatlar özgənin sözlərinə, yəni bu işdə şikayətçi olmuş Tahir Qədimovun sözlərinə istinad etdiyindən Kazımov Zakir Mahmud oğluna qarşı mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmələr isə bu normanı kənara qoymuş və atamızı təkləmişlər.

 

Nəticə etibarilə ittiham hökmü CPM-nin 402.0.2-ci maddəsinin tələblərinə zidd olaraq mötəbər olmayan və ziddiyyətli “şahid” ifadələri ilə əsaslandırılmışdır. “Şahidlərin” ibtidai istintaqda və məhkəmə araşdırması zamanı verdikləri ifadələr bir-biri ilə tamamilə ziddiyyət təşkil edir.

 

Şahid sözü ərəb mənşəli olub, mənası bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam deməkdir. Şahid adlandırdığımız şəxs hər hansısa hadisə ilə bağlı önəmli məlumat sahibidir və onun sahib olduğu məlumat bu hadisənin aydınlaşdırılmasında fayda verir. Lakin Kazımov Zakir Mahmud oğluna qarşı istifadə olunan şəxslər “şahid” deyildir və həmin şəxslər ümumi düşmənçilik zəminində Kazımov Zakir Mahmud oğlundan qisas alırlar. Problem həm də budur ku, Dövlət Vergi Xidməti atamız Kazımov Zakir Mahmud oğlu barəsində Korrupsiyaya qarşı mübarizə idarəsinə təqdimat verdiyi üçün artıq öz səhvini etiraf edib təqdimatını geri götürə bilmir. Məhkəmə də bilir ki, prokurorluq şikayətçinin onları aldatmasının fərqindədir. Sadəcə prokurorluq düşünür ki, artıq gecdir. İqtisadiyat Nazirliyinin Dövlət Vergi Xidməti də bu həqiqəti artıq anlayır. Sadəcə utandıqlarından heç kim səsini çıxartmır. Həm də qorxurlar ki, ölkədə onlar nüfuzdan düşəcək və Prezident tərəfindən onlar cəzalandırıla bilər. Ona görə Mehdi Hüseynzadə demişkən, komediyanı bitirmək lazımdır. 

 

Qondarma cinayət işi heç bir maddi sübuta əsaslanmadığından və real şahidlər olmadığından bəraət üçün bütün əsaslar var

Bir daha bəyan edirik ki, şikayətçinin ifadələri heç bir maddi sübuta, dəlilə, fakta əsaslanmır. Çünki təqsirləndirilən şəxs Kazımov Zakir Mahmud oğlunun şikayətçidən rüşvət kimi pul almasını sübut edən foto-şəkil, kamera göstəriciləri, əl izləri, telefon danışıqları, vatsapp yazışmaları yoxdur. Bundan başqa, hansı nömrəli pulları verdiyini də şikayətçi ifadəsində və izahatında göstərməmişdir. Daha sonra şikayətçi öz izahatında göstərməmişdir ki, təqsirləndirilən şəxs ondan pul almağa gələrkən və ya sonradan guya 8 min manatı qaytararkən konktret hansı tarixlərdə və saatda gəlmişdir. Şahid kimi təqdim edilmiş bütün şəxslər istintaqa gözləri ilə görmədikləri və qulaqları ilə birbaşa eşitmədikləri, yalnız özgənin sözlərindən əldə etdikləri məlumatları verdiklərindən şahid sayıla bilməzlər. Bu qədər sadə və net. El dili ilə desək, atamıza “əsl torba tikildi”.Ona görə də atamız təcili bəraət almalıdır.

 

Kazımov Zakir Mahmud oğluna qarşı irəli sürülən ittihamda şikayətçi öz maraqlarını dövlət maraqları kimi təqdim edə bilib

Məhkəmə araşdırması zamanı dindirilərkən şikayətçi Qədimov Tahir Əbdüləli oğlu təqsirləndirilən şəxs Kazımov Zakir Mahmud oğlu ilə qərəzli münasibətinin olmadığını bildirsə də, dindirmə zamanı bunun əksi müşahidə edilmişdir. Belə ki, 2022-ci ilin 20 dekabr tarixində keçirilmiş məhkəmə prosesi zamanı Kazımov Zakir Mahmud oğlunun sualına cavab verərkən Qədimov Tahir Əbdüləli oğlu əsəbi şəkildə uca səslə “elə sən bizi ƏDV-yə salmışdın” deyərək Zakir Kazımovdan narazılığını bildirmişdir.


Qədimov Tahir Əbdüləli oğlu məhkəmə araşdırması zamanı verdiyi ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslərdən biri Haşımov Mircavad Fərman oğlu ilə bağlı ibtidai istintaq dövründə verdiyi ifadələri, o cümlədən 23 dekabr 2021-ci il tarixdə 6 saylı Vergi İdarəsinin müdir əvəzi olmuş Ziya Ağagülovun qəbulunda olarkən səsləndirdiyi ittihamları Haşımov Mircavaddan acıqlı olduğu üçün ondan qisas almaq, onu cəzalandırmaq üçün yalandan uydurmuşdur. İfadəsindəki bu xüsusat bir daha ona dəlalət edir ki, Qədimov Tahir Əbdüləli oğlu çox asanlıqla qərəzli münasibət bəslədiyi şəxslərə, o cümlədən təqsirləndirilən şəxslərə qarşı olmayan hadisələri uydurmaq, onlara böhtan atmaq və bu hərəkətlərinin reallaşması üçün tədbirlər görmək düşüncəsində və iqtidarında olmuşdur.

 

İşin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan hallardan biri də budur ki, təqsirləndirilən şəxs Kazımov Zakir Mahmud oğlunun guya himayədarlıq müqabilində vergi ödəyicisindən rüşvət istəyib alması iddia edilsə də, rüşvətin alındığı həmin tarixdən, yəni 2021-ci ilin avqustundan qısa müddət sonra Kazımov Zakir Mahmud oğlu tərəfdən eyni vergi ödəyicisinin müəssisəsində pozuntu müəyyən edilərək həmin vergi ödəyicisinin cərimələnməsi faktı 1-ci və 2-ci instansiya məhkəmələri tərəfindən nəzərə alınmamışdır. 

 

Bu fakt həm də onunla təsdiq edilir ki, 6 saylı ƏVBİ-dən daxil olmuş 13.01.2023-cü il tarixli 2306020012301900 nömrəli sənəddə bildirilir ki, Kazımov Zakir Mahmud oğlu tərəfindən 26.10.2021-ci il tarixdə, yəni rüşvət tələb edib aldığı iddia edilən 2021- ci ilin avqust ayından cəmi 2 ay sonra saat 16.08-də vergi ödəyicisi Qədimova Zeynəb Rəcəbəli qızının (VÖEN 2600491152) fəaliyyət göstərdiyi ünvanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən “müştərilərin tibbi maskadan istifadə etməməsi” barədə inzibati xəta haqqında Protokol tərtib etmişdir. Bu sənədlə iş üzrə “şahid” Qədimov Tahir Əbdüləli oğlu tərəfindən rüşvət qismində iddia edilən pul məbləğlərinin verilməsi və əvəzində təqsirləndirilən şəxs Kazımov Zakir Mahmud oğlunun 1 il ərzində həmin mağazada heç bir yoxlamanın aparılmayacağı və ona himayədarlıq etməsi barədə ifadəsi, eyni zamanda təqsirləndirilən şəxs Kazımov Zakir Mahmud oğluna istinad edilən rüşvət istəyib alması ilə bağlı cinayət əməlinin mahiyyəti tamamilə təkzib olunur.

 

 

Hörmətlə,

Kazımov Zakir Mahmud oğlunun ailə üzvləri