
Niderlandda yaşayan həmyerlimiz, Azərbaycan diasporunun fəal üzvü Səltənət Rəvanqızı NATO-nun yeni Baş katibi, Niderlandın sabiq baş naziri Mark Rütteyə məktub göndərib.
Məktub Qarbağ ərazilərində erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalarla bağlıdır.
Bu barədə Gununsesi.info-ya danışan həmyerlimiz deyib: “Məlum olduğu kimi, Azərbaycanın Qarabağ bölgəsi erməni separatçılarının basdırdığı minalarla doludur. Azərbaycan tərəfi minaların təmizlənməsi işi ilə ciddi-cəhdlə məşğuldur. Həmin minalar ərazidə çoxsaylı insanın həyatına son qoyub. Minalar nəinki insanlara, təbiətə, heyvanlara, su obyektlərinə də ziyan vurur. Ermənistan isə bizə basdırılmış minaların dəqiq xəritəsini verməkdən imtina edir. Bütün bunlar Alyansın yeni baş katibinə göndərdiyim məktubda qeyd olunub. Mən müraciətimdə xəritələrin verilməsində köməklik göstərilməsini vurğulamışam. Niderlandın poçt şirkəti ilə birgə layihəmiz olan üzərində Əziz Şuşamızın şəklinin yer aldığı poçt markası ilə məktubu göndərmişəm”.
Xatırladaq ki, Bakıda anadan olmuş Səltənət Rəvanqızı 2004-cü ildən Niderlandda yaşayır.
Bu ölkədə Xoreoqrafiya sənətindən dərs deyən soydaşımız Azərbaycan diasporunun fəal üzvüdür.
Ceyhun
Gununsesi.info