ABŞ türk aviaşirkətini cərimələyib

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu Türkiyənin Air Sapphire çarter şirkətini Amerika istehsalı olan Gulfstream təyyarəsi ilə Rusiyaya ən azı iki çarter reysi yerinə yetirdiyinə görə 285 min dollar cərimələyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Flightglobal məlumat verib.

Uçuşlar ötən ilin oktyabrında (İstanbuldan Tümenə) və bu ilin yanvarında (Maldiv adalarından Moskvaya) həyata keçirilib.

Çarterlər qeyri-rus broker tərəfindən ödənilib, lakin onların müştəriləri Rusiya Federasiyasının vətəndaşları idi. Üstəlik, epizodların birində rusiyalı Kipr pasportundan istifadə edib.

ABŞ Ticarət Nazirliyinin izah etdiyi kimi, Amerika istehsalı olan təyyarənin Rusiyaya lisenziyasız təkrar ixracı Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar tətbiq edilən aviasiya məhsulları və dəbdəbəli mallara ixrac nəzarətini pozur.

“Qoy bu, bütün dünya üzrə çarter brokerləri və operatorları üçün bir dərs olsun. Qaydalarımızı pozaraq bu cür səyahətləri asanlaşdırsanız, ağır qiymət ödəyə bilərsiniz”– deyə İxrac Administrasiyası katibinin köməkçisi Metyu Akselrod bildirib.

O, əlavə edib ki, Rusiya Federasiyası vətəndaşının başqa ölkənin pasportundan istifadə etməsi aviadaşıyıcını məsuliyyətdən azad etmir.

ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu qeyd edib ki, Air Sapphire günahını etiraf edib və istintaqda əməkdaşlıq edib və kömək edib.

Xatırladaq ki, Rusiya mülki aviasiyasına qarşı sanksiyalar ilk dəfə 2022-ci ilin martında Ukraynaya qarşı müharibənin başlamasına cavab olaraq tətbiq edilib.

Eyni zamanda ABŞ, Aİ, Böyük Britaniya və Kanada səmalarını Rusiya təyyarələri üçün bağlayıb. Bundan sonra Vaşinqton dünya üzrə beynəlxalq hava limanlarına xəbərdarlıq edib ki, sanksiyalar Rusiyadan gələn təyyarələrə yanacaq doldurmağı, onlara texniki qulluq və təmir etməyi qadağan edib.

Sanksiyalar, həmçinin icarəyə verənlərin 500-dən çox “Boeing” və “Airbus” təyyarələrinin geri qaytarılması tələbləri səbəbindən Rusiya aviadaşıyıcıları xaricə uçuşları praktiki olaraq dayandırıb.

 

 

 

 

Şəbnəm

Gununsesi.info