
Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla 18 iyun – İnsan Hüquqları Günü kimi qeyd olunur.
Xatırladaq ki, bu tarixin 18 iyuna təsadüf etməsi 1998-ci ildə mərhum prezident Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilməsindın irəli gəlib.
Qeyd edək ki, həmin Proqdamda insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Etiraf edək ki, Azərbaycan Avropa Şurasına daxil olandan sonra ölkəmizdə insan haqları sahəsində bir sıra uğurlu addımlar atılıb.
Həmin dövrdə 700-dək siyasi məhbus azadlığa buraxıldı.
Ölkədə məhkəmə hakimiyyətinin gücləndirilməsi istiqamətində ciddi qanunvericilik bazası yaradıldı.
Seçki Məcəlləsi və sair bir sıra Avropa standartlarına uyğunlaşdırılan qanunvericilik bazası formalaşdırıldı.
Ancaq son bir neçə ildə ölkəmiz dünyanın nüfuzlu insan haqları təşilatları, o cümlədən dövlətlərarası qurumlar olan Avropa İttifaqı, Avropa Şurası, ATƏT və BMT-nin İnsan Haqları Şurası tərəfindən insan haqlarının durumuna görə tənqid hədəfinə çevrilib.
Məhz ölkəmizdə insan haqları ilə bağlı yaranmış duruma görə həmin təşkilatlarla, həmçinin ABŞ başda olmaqla bir sıra Avropa İttifaqı üzvü olan dövlətlərlə aramızda dərin konfilikt yaranıb.
Ancaq XİN başda olmaqla, ölkə rəsmiləri insan haqları mövzusunun arxasında Azərbaycana təzyiq siyasətinin durduğunu deyir.
Bəs görəsən, Azərbaycanın hökumət, parlament və dövlət orqanları 18 iyun – İnsan Hüquqları Gününə hansı tövhəni verib?
Araşdırmamız zamanı məlum olub ki, istər məhkəmə hakimiyyəti, istərsə də hökumət və parlament səviyyəsində 18 İyun unudulub.
Məlum olub ki, Azərbaycanın Baş Prokurorluğu, DİN, İnsan Hüquqları Üzrə Müvəkkil Aparatı (Ombudsman) , Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Milli Məclisin İnsan Hüquqları Komitəsi 18 İyun- İnsan Hüquqları Günü ilə bağlı heç bir tədbir təşkil etməyib.
İddia oluna bilər ki, bu il 18 iyun qeyri-iş gününə təsadüf edib. Amma bir bəyanat da kifayət edərdi ki, Azərbaycanda vətəndaşlar Konstitusiya və qanunlarla əsas hüquq və azadlıqlara sahib olduqlarını xatırlasın.
Pərviz Həşimli
Gununsesi.info