
Macarıstan, Avropa İttifaqı ilə sığınacaq siyasətinə görə cəzalarla bağlı mübahisəni həll edə bilməsə, sərhədində görünən miqrantları birbaşa Brüsselə daşımağa başlaycaq.
Gununsesi.info Bloomberg-ə istinadən xəbər verir ki, Avropa Məhkəməsi Baş nazir Viktor Orbanın sığınacaq axtaranların müdafiəsi ilə bağlı əvvəlki məhkəmə qərarına əməl etmədiyinə görə ölkəyə 200 milyon avro (223 milyon dollar) və əlavə gündəlik 1 milyon avro cərimə kəsib.
Orban, 2024-cü ilin ikinci yarısında AB sədrliyinin başlanmasını ləkələyən bir sıra məsələlərdən biri olan qərara görə artıq iyun ayında qisas alacağını vəd etmişdi.
Avropa Komissiyası ilə danışıqlara sentyabrda başlanılacaq, baş nazirlik aparatına məsul nazir Gergely Gulyas bildirib.
Bu danışıqlar uğursuz olarsa, Macarıstan miqrantlara “Brüsselə birtərəfli bilet” verməyə başlayacaq.
“Biz ən qısa zamanda razılığa gəlməliyik, çünki hər gün böyük məbləğdə pul ödəmək istəmirik. Ancaq Brüssel miqrantları qəbul etmək istəsə, biz kömək edə bilərik.” – deyəGulyas bildirib.
Gulyas belə bir sxemin necə işləyəcəyi barədə təfərrüatlı məlumat verməsə də, bu ideya ABŞ ştatları arasında Texas sərhədindən Nyu-Yorka avtobusla gətirilən miqrantlarla bağlı mübahisələri əks etdirir.
Günay
Gununsesi.info