
Eldar Mahmudovun oğlu ilə bağlı baxılan iş Ali Məhkəmədə yenidən araşdırılır.
Gununsesi.info xəbər verir ki, bir neçə il öncə Bakıda yanan “Diqlas” ticarət mərkəzi ilə bağlı məhkəmə prosesi davam edir.
Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus “Diqlas” Ticarət Mərkəzini idarə edən “Diqlas 2” MMC yanğında dəyən zərərə görə məhkəmə iddiası qaldırıb.
Yanğınla bağlı istintaqa ifadə verən Nizami Rayon Bələdiyyəsinin sədr müavini Bəylər Quliyev deyib ki, “Diqlas”ı tikmək üçün Eldar Mahmudovun oğluna verilən sənəd onlara güc tətbiq edilərək alınıb.
Bəylər Quliyev bildirib ki, “Diqlas” üçün torpaq sahəsinin ayrılması barədə bələdiyyə sədrinə müraciət olunsa da, o, razılıq verməyib. Daha sonra Eldar Mahmudovun adamları bələdiyyə sədrinin müavininə təzyiq etməyə başlayıb:
“Diqlas” ticarət mərkəzinin tikintisi üçün həmin dövrdə özlərini milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxınları kimi təqdim edən şəxslər məcburi şəkildə bələdiyyədən tikinti ilə bağlı sənəd alıblar. Həmin sənəd də o vaxt sədr tərəfindən yox, sədrin müavini Vüqar Tarquliyev tərəfindən imzalanıb. Bələdiyyənin vergi şöbəsinin müdiri İlham Mirzəyev dəfələrlə ticarət mərkəzinin rəhbərliyinə müraciət edib ki, fəaliyyətləri ilə bağlı rəsmi sənədlər – “Diqlas”ın fiziki və ya hüquqi şəxs kimi fəaliyyət göstərdiyini təsdiqləyən sənədləri təqdim eləsinlər. Lakin onlar saymazlıq edib, bizim sorğulara heç bir reaksiya vermirdilər”.
5 il əvvəl baş vermiş yanğından sonra “Diqlas” ticarət mərkəzi tamamilə sökülüb.
Bu işə Ali Məhkəmədə yenidən baxılır. Bu dəfə iş hakim Kəmalə Abıyevaya həvalə olunub.
Paytaxtın Nizami rayonu, “8-ci kilometr” ərazisində yerləşən 5 mərtəbəli “Diqlas” Ticarət Mərkəzində yanğın 2019-cu il martın 26-da baş verib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.
Gununsesi.info