
Bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Ararat vilayətinə səfər edib. Onun Kərkiyə getməkdən imtina etməsi, bu bölgənin Azərbaycana qaytarılacağı haqda müzakirələrə səbəb olub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Məlumata görə, Paşinyan Sevakavana getsə də, onun yaxınlığında yerləşən Kərkiyə (Tiqranaşenə) baş çəkməyib.
Paşinyan Kərkinin qaytarılmasına razılaşa bilərmi? Azərbaycan əvəzində Başkəndi verə bilərmi?
Bu barədə Gununsesi.info -ya danışan siyasi şərhçi Elşad Həsənov deyib ki, Nikol Paşinyan dəfələrlə Azərbaycan torpaqlarının 86,6 min kv2 olduğunu bilir və bu haqda da sənədə qol çəkib. Ona görə də, o, məhz Kərkizin Azərbaycan torpağı olduğunu tanıyır və onu da gözləyir ki, torpaqlar veriləcək.
Elşad Həsənov bildirib ki, artıq delimitasiya və demarkasiya məsələləri başlayıb. Bizim düşmən tapdağı altında olan Qazaxın 4 kəndi qaytarıldı, 3 kənd Qazaxda və 1 kənd də Kərkidə, anklav kəndlərdir. Həmin kəndlərin də qaytarılması, gündəlikdə duran məsələdir:
“Belə ki, Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanın və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə komissiyalar danışıqlar aparırlar və bu yolla da, onlar həll olunacaqdır. Yəni Kərki kəndi Azərbaycanındır, çünki bizim ərazimizə daxildir. Ancaq ola bilsin ki, Gədəbəydəki Başkəndin ərazisinə uyğun bir ərazini bizimkilər onlara verə bilərlər, bu da hamısı danışıqlardan asılıdır. Ölkə rəhbərliyinin bu işə münasibətindən asılıdır”.
Siyasi şərhçi hesab edir ki, gələcəkdə o kəndlər qayıdacaq: “Lap Başkəndi biz onlara verə bilərik. Ermənilər sovet dönəmində gəlib orda yaşayıblar. O torpaqlar bizimdir, amma buna baxmayararaq, biz ermənilərin gəlib, o torpaqlarda yaşamasına razı ola bilərik. Yəni bu, hökumətlərarası komissiyanın işindən asılıdır. Ancaq bu gün reallıq odur ki, Paşinyan Kərki kəndinin Azərbaycan torpağı olduğunu tanıyır və ona görə də, ora getməyib”.
Günel Həsənova