Xoşqədəm Hidayətqızı: “44” filmi rekord qırmalıdır – bu, qəhrəmanlarımıza verdiyimiz sözdür

  • Müəllif: Firuzə
  • 04 Noyabr 2026 20:41

Tanınmış telejurnalist Xoşqədəm Hidayətqızı Sosial Xidmətlər Agentliyinin Zabrat qəsəbəsində yerləşən sığınacağında yaşayan uşaqlarla birlikdə “44” bədii filmini izləyib.

Gununesi.info xəbər verir ki, Xoşqədəm Hidayətqızı film nümayişindən sonra yaşadığı duyğuları bölüşüb.

O bildirib ki, bu, filmin ikinci dəfə izlənilməsi olsa da, yenə böyük həyəcan, göz yaşları və sonsuz qürur hissi yaşayıb.

Telejurnalist qeyd edib ki, filmin nümayişini 12 yaşdan yuxarı uşaqlar da böyük diqqətlə izləyiblər:

“Balalarımız bilməlidir, bu Vətən bizə necə qayıtdı, bu torpağın hər qarışı üçün hansı aslan ürəkli oğullarımızı qurban verdik. Tarix ürəkdə yaşayanda əbədi olur. Ona görə hər gün danışmalıyıq, izləməli, izlətməliyik”.

Xoşqədəm Hidayətqızı yaşı filmin nümayişinə imkan verən bütün məktəbliləri “44” bədii filmini izləməyə çağırıb.

O, müəllimləri və məktəb rəhbərliklərini də bu təşəbbüsə dəstək olmağa, şagirdlərin filmlə tanışlığını təşkil etməyə səsləyib.

Telejurnalist filmin geniş tamaşaçı auditoriyası qazanacağına və rekord izlənmə sayına çatacağına inandığını vurğulayıb:

“‘44’ bu günə qədər ən çox baxılan film olacaq. Rekord qıracaq. Qırmalıdır! Çünki bu sadəcə film deyil. Bu, qəhrəmanlarımıza verdiyimiz sözdür. Tariximizə olan sevgimizin sübutudur”.

Xoşqədəm Hidayətqızı fikirlərinin sonunda filmin ərsəyə gəlməsində və nümayişində əməyi olanlara təşəkkürünü bildirib, Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

Elmar
Gununesi.info